Səbinə Əliyeva beynəlxalq təşkilatlara müraciət etdi - VİDEO
Azərbaycan Ombudsmanı Səbinə Əliyeva 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar videomüraciət hazırlayıb.
Müraciətdə deyilir:
"Birləşmiş Millətlər Təşkilatı 4 aprel tarixini Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü elan etmişdir.
Minalar və müharibənin partlayıcı qalıqlarının təhlükəsizlik, mülki şəxslərin sağlamlığı və həyatı üçün ciddi təhdid yaratdığı ölkələrdə minalar əleyhinə əməliyyatlarla bağlı bacarıqlar yaratmaq məqsədi ilə dövlətlər öz səylərini BMT və digər əlaqədar təşkilatlarla birgə davam etdirirlər.
İnsan Hüquqları üzrə Müvəkkil kimi, mən bu gün Azərbaycanın mülki şəxslərinin və hərbi qulluqçularının işğal müddəti ərzində Ermənistanın ölkəmizin ərazilərinə basdırdığı işarələnməmiş minalar səbəbindən həyat və sağlamlıqları üçün ciddi bir təhlükə ilə üzləşmələrindən dərin narahatlığımı bildirirəm. Ermənistanın dəfələrlə minalanmış ərazilərin xəritələrini açıqlamağa çağırılmasına baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, bu ölkə tərəfindən bu sahədə əməkdaşlıq istəyi heç vaxt nümayiş etdirilməyib.
10 noyabr 2020-ci il tarixində imzalanmış Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatı Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoydu. İndi isə azad edilmiş torpaqlarda hər kəs üçün təhlükəsiz və dinc bir mühitin təmin edilməsinin vaxtı çatıb və Azərbaycan bu sahədə nəzərəçarpacaq və qətiyyətli səylər göstərir. Ancaq bir milyona yaxın məcburi köçkün hələ də bu geniş ərazilərdə basdırılmış minalar səbəbindən öz yurdlarına qayıda bilmir.
Azad edilmiş torpaqlarda baş vermiş mina partlayışları nəticəsində 12-si mülki şəxs olmaqla, 20 Azərbaycan vətəndaşı həlak olub, eyni zamanda 17-si mülki şəxs olmaqla 85 vətəndaş ağır yaralanıb. Minaların yaşayış yerlərinin, xüsusən çayların, yol kəsişmələrinin və qəbiristanlıqların yaxınlığında basdırılması öz növbəsində 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və I Əlavə Protokolun kobud şəkildə pozulmasıdır.
Biz hələ də Ermənistan dövlətinin minaların zərərsizləşdirilməsinə dair öz üzərinə düşən vəzifələrini qeyd-şərtsiz yerinə yetirməsini və bölgədə davamlı sülh, insan hüquqlarına hörmət etməsi üçün səy göstərməsini gözləyirik.
İşarələnməmiş minalar və onların insan həyatı üçün potensial təhlükəsi ilə bağlı narahatlığımızı bir daha təkrar edərək, bütün müvafiq beynəlxalq təşkilatları Ermənistanı minaların xəritələrini açıqlamadığına görə qınamağa və bu sahədə müvafiq addımlar atmağa çağırırıq".