İki bölgədən Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub
AQTA-dan AFN-ə verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Estoniya Respublikasının Haryumaa (Harju) və Küveyt Dövlətinin Əl Ahmədi (Al Ahmadi) inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Estoniya Respublikasının Haryumaa və Küveyt Dövlətinin Əl Ahmədi inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi üçün Estoniya Respublikasından və Küveyt Dövlətindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.