Prezident: “Bütün bu illər ərzində bizi aldatmağa çalışmışdılar”
Bu sözləri bu gün Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən zaman deyib.
“Mən dəfələrlə demişdim ki, heç vaxt ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti, mövzusu olmayacaq, olmayıb və həyat bunu təsdiqlədi. Mənim o vaxt danışıqların uğurla başa çatmasına inamım var idi. Çünki mən təzə seçilmişdim, hələ böyük siyasətin, riyakarlığın nə dərəcədə geniş vüsət almasından xəbərsiz idim. Hesab edirdim ki, kim, hansı tərəf müqabili nə deyirsə, o həqiqətdir. Sonra anladım ki, bütün bu illər ərzində bizi aldatmağa çalışmışdılar. Məsələni həll etmək yox, dondurmaq istəmişdilər. Bu torpaqları erməni tapdağının altında daima saxlamaq istəmişdilər. Bu məsələ ilə bilavasitə məşğul olan beynəlxalq qurumlar... Onu sonra anladım.
Ancaq bununla paralel olaraq, danışıqları apararaq, eyni zamanda hazırlıq işləri də gedirdi. Mən bunu gizlətmirdim, dəfələrlə demişdim ki, əgər sülh yolu ilə məsələ həll olunmasa, hərbi yolla biz bunu həll edəcəyik. Nəticədə də belə oldu. Nə demişəmsə, onu da eləmişik. Bütün bu illər ərzində demişdim ki, heç vaxt erməni dövləti bizim torpağımızda yaradıla bilməz. Demişdim ki, birinci erməni dövləti bizim tarixi torpağımızda yaradılıb.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin birinci qərarlarından biri də İrəvanı Ermənistana vermək, paytaxt düzəltmək idi. Mən bunu da qınamışam. Demişəm ki, bu, xəyanət idi, satqınlıq idi, bağışlanılmazdır. Azərbaycan Xalq Cümhuriyyətinin böyük xidmətləri var Azərbaycan xalqı qarşısında, ancaq biz tarixi malalamamalıyıq, tarixi bilməliyik”, - deyə İ.Əliyev bildirdi.