Karantin qaydalarını pozan sürücülər cərimələnib - FOTO
Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AFN-ə verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində bir neçə avtomobilin ixrac qazlarının tərkibində olan zərərli maddələrin normadan artıq olduğu üçün atmosferi çirkləndirməsi aşkar edilib. Həmin sürücülər inzibati məsuliyyətə cəlb edilib.
Vətəndaşların bir daha diqqətinə çatdırılıb ki, istifadələrində olan nəqliyyat vasitələrinin yanacaq sistemi tənzimləməklə saz vəziyyətə gətirilməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edilməlidir.
DYP əməkdaşları piyadalar ilə də profilaktik söhbət apararaq səkilərdən və piyada keçidlərindən istifadənin həm piyadaların həm də digər şəxslərin təhlükəsizliyi üçün vacib olduğu bildirilib.
Şəhərdaxili sərnişin daşıma ilə məşğul olan avtobuslarda aparılan yoxlamalar zamanı isə karantin qaydalarının təmin edilməsi, tibbi maskadan istifadə edilməsi barədə vətəndaşlarla profilaktik söhbətlər aparılıb, edilən xəbərdarlıqlara baxmayaraq, karantin qaydalarını pozan sürücü və sərnişinlər barədə qanunamüvafiq tədbirlər görülüb.