Azərbaycanın məşhur neftçi-geoloqu Əhməd Salmanovun 60 illik yubileyidir


Bu gün geologiya-mineralogiya elmləri doktoru, Əhməd Mayis oğlu Salmanovun doğum günüdür. SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun geologiya və yataqların işlənməsi üzrə direktor müavini işləyən Ə.Salmanovun 60 yaşı tamam olur.

Salmanov Əhməd Mayis oğlu 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1979-cu ildə Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə) daxil olub, 1984-cü ildə həmin institutun “Geoloji-kəşfiyyat” fakültəsini fərqlənmə diplomu ilə bitirib. Təyinatla Azərbaycan EA-nın keçmiş Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunda əmək fəaliyyətinə başlayıb.
1991-ci ildə namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.
1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına müsabiqə yolu ilə işə götürülüb və 2007-ci ilin may ayınadək “Neft-qaz mədən geologiyası” kafedrasında dosent vəzifəsində çalışıb. 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülüb, 2007-ci ilin may ayından 2009-cu ilin iyul ayınadək Azərbaycan Dövlət Neft Şirkətinin Elmi Tədqiqatlar İnstitutunda direktorun elmi işlər üzrə müavini vəzifəsində çalışıb. 2009-cu ildə geologiya-mineralogiya elmləri doktoru dərəcəsinə layiq görülüb. 2009-cu ildən SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda geologiya və yataqların işlənməsi üzrə direktorun müavini vəzifəsində çalışır. 2011-ci ilin sentyabr ayında “Tərəqqi” medalına layiq görülüb.



Neft yataqlarının səmərəli mənimsənilməsi, işlənmənin son mərhələsində neft hasilatının dinamikasının proqnozu, geoloji-riyazi modelləşdirmə, layların neftverməsinin artırılması üsulları Ə.M.Salmanovun məşğul olduğu əsas elmi istiqamətlərdir. Çoxşaxəli tədqiqatlarının nəticələri 117 elmi məqalə, 4 monoqrafiya, 8 dərs vəsaiti və metodik göstərişlər, 1 xəritədə öz əksini tapıb.
Ə.M.Salmanov 2012-ci ildə “Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti”nin Prezidenti, 2013-cü ilin mart ayından isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti seçilib. 2007–ci ildən “Neft-qaz yataqlarının geologiyası, geofizikası, axtarışı və kəşfiyyatı”elmi-texniki şura bölməsinin sədri, 2014–cü ildən “Azneft” İB-də “Axtarış-kəşfiyyat, neft və qaz ehtiyatları, neft və qaz yataqlarının işlənməsi üzrə daimi fəaliyyət göstərən komissiya”nın üzvüdür.
Əziz Əhməd müəllim!
Sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı uzun ömür, şəxsi həyatınızda xoşbəxtlik və elmi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!
Hörmətlə, neftçi-geoloqlar!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu