Şuşadan Şərq dünyasına havalansın Xanın səsi...


Xan Şuşinskinin 120 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.


Bu barədə AFN-ə Milli Məclisin Mədəniyyət Komitəsindən bildirilib. Xalq artisti, görkəmli xanəndə Xan Şuşinskinin 120 illik yubileyinə həsr olunmuş “Şuşadan Şərq dünyasına havalansın Xanın səsi...” adlı onlayn konfrans Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə baş tutub. Konfransın təşkilinə “Xan Şuşinski” Fondu, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, “Nəfəs” İctimai Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, ADPU Quba filialı dəstək verib: "Bildiyiniz kimi, bu il 120 illik yubileyi olan sənətkar hələ 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi bir məclisdə təbrizli xanəndə Əbdülhəsən Xanın üslubu, yolu ilə “Kürd-Şahnaz” muğamını ifa edib. Bu ifa o qədər heyrətamiz tərzdə gözəl olub ki, müəllimi ona “Xan Şuşinski” adını verib.
XX yüzilin 20-ci illərdə Xan əmi mədəniyyət paytaxtımızdan ictimai-siyasi paytaxtımıza gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. Xanın repertuarında “Mahur–Hindi”, “Bayatı-Qacar”, “Qatar” dəsgahları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onlara yeni çalarlar qatıb.
1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən “Zaqafqaziya xalqlarının I İncəsənət Olimpiadası”nda böyük uğur qazanaraq, baş mükafata layiq görülüb.
Xan Şuşinski 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində “Muğam studiyası” yaradaraq, burada gənc xanəndələrə muğamın sirrlərini öyrədib. Sənətkar həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib, muğam ifaçılarının yeni nəslinin formalaşdırılmasında yaxından iştirak edib. Onun “Qəmərim”, “Şuşanın dağları” mahnıları dillər əzbəri olub. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət edib. Bu mənada Üzeyir bəy Hacıbəylinin “Qara göz” mahnısının ilk ifaçısı olduğunu və mahnını yüksək zövqlə oxuyaraq yaşatdığını deməliyik".
Tədbirdə nazir Anar Kərimovun salamlarını çatdıran Mədəniyyət Nazirliyi İncəsənət şöbəsinin müdiri Fərəh Acalova Xan Şuşinski irsinə dövlət qayğısından söz açıb, konkret faktlara istinad edib. Nazirlik rəsmisi xatırladıb ki, sənətkarın 100 illik yubileyi dövlət səviyyəsində təntənə ilə ümumrespublika miqyasında keçirilib.
TÜRKSOY-un Baş katibi Prof.dr. Düsen Kaseinov Azərbaycan mədəniyyət-incəsənət xadimlərinin, sənət ustadlarının TÜRKSOY xətti ilə qeyd olunan və planlaşdırılan yubileyləri haqqında danışıb, Xan Şuşinskinin 120 illik yubileyinin də TÜRKSOY-un təşkilatçılığı ilə Ankarada keçirilməsinin nəzərdə tutulduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Tədbir ustad sənətkar haqda xoş sözlərlə davam edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu