Qubada 13 yaşlı yeniyetmənin ölümünün təfərrüatı məlum olub
Quba rayonunda 13 yaşlı yeniyetmənin ölümünün təfərrüatı məlum olub.
"Report"un əməkdaşı hadisənin baş verdiyi Zərdabi qəsəbəsində olub.
Məlumata görə, iyunun 13-də 2008-ci il təvəllüdlü Polad Fərhad oğlu Fərhadov və həmyaşıdı Uğur Xəyyam oğlu Bayramov qəsəbədən kənar ərazidə yerləşən yüksək gərginlikli xəttin üzərində yerləşən ayırıcı açarın bağlı qutusuna müdaxilə edərək açıb. Daha sonra onlar açara toxunub, bu zaman elektrik cərəyanı hər iki şəxsi vurub.
Nəticədə P.Fərhadov hadisə yerində ölüb, U.Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.