Sumqayıtda şadlıq sarayının sahibi həbs olundu: Digərləri isə cərimələndi
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən şadlıq saraylarında aparılan profilaktik tədbirlər davam etdirilir.
Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdiyi nəzarət tədbirləri zamanı “Mübariz” və “Bakı” şadlıq saraylarında qanunvericiliyinin tələblərinin pozulduğu məlum olub.
Belə ki, şadlıq saraylarında obyekt sahibləri tərəfindən "icazə.e-gov.az” portalında rəsmi qeydiyyatdan keçiriləndən artıq iştirakçının qatıldığı müəyyən edilib.
Aşkarlanan pozuntularla bağlı restoran sahiblərinin hər biri İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən karantin qaydalarının pozduqlarına görə 4000 manat cərimələnib.
"Xanədan” şadlıq sarayının sahibi, Sumqayıt şəhər 12-ci mikrorayon sakini Əfqan Xasıyev isə dəfələrlə polislər tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymayaraq karantin qaydalarına zidd toy məclisi təşkil etdiyi üçün barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. O. polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi şadlıq evləri və digər qapalı məkanlarda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.(AFN)