Ceyhun Bayramov Mustafa Şentopla görüşüb


Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


Bu barədə AFN-ə XİN-dən məlumat verilib.

Xarici işlər naziri Ceyhun Bayramov, qardaş Türkiyə Böyük Millət Məslisinin sədrini səmimiyyətlə salamlayaraq, Azərbaycan Milli Məclisinin sədri, Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri və Türkiyə Böyük Millət Məslisinin sədri arasında ilk üçtərəfli görüşün keçirilməsini böyük tarixi hadisə kimi qiymətləndirib və bu münasibətlə təbriklərini çatdırıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop üç qardaş ölkələr arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin həm ölkələrimizin və xalqlarımızın rifahına, həm də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini vurğulayıb. O, parlament diplomatiyası çərçivəsində üç ölkə nümayəndələrinin bir araya gəldiyini məmnunluqla qeyd edib. Mustafa Şentop, həmçinin Azərbaycanın ərazilərini işğaldan azad etməsi ilə bağlı bölgədəki cari vəziyyətə toxunaraq, Azərbaycanın Ermənistan ilə sülh müqaviləsinin imzalanmaq təklifini çox mühüm addım kimi dəyərləndirib. Azərbaycanın humanitar sahədə önəmli addımlar atdığını qeyd edən Türkiyə Böyük Millət Məclisinin sədri, Ermənistan tərəfindən bütün mina xəritələrinin Azərbaycana verilməsinin zəruri olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov, öz növbəsində üç qardaş ölkənin parlament rəhbərlərinin görüşü nəticəsində Bakı Bəyannaməsinin imzalanmasını məmnunluqla qeyd edib. O, bu hadisənin qarşılıqlı əməkdaşlığın daha da inkişafına töhfə verəcəyindən əminlik ifadə edib. Nazir, dövlətlərimiz arasında əlaqələrin xüsusi önəm daşıdığını, bu əlaqələrin geniş və hərtərəfli olduğunu vurğulayıb. 2021-ci ilin yanvarında İslamabadda üç ölkənin xarici işlər nazirlərinin bir araya gədiyini xatırlayan nazir Ceyhun Bayramov ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etməkdə olduğunu qeyd edib. Nazir, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərini və qəbul olunmuş Şuşa Bəyannaməsini tarixi hadisə kimi qiymətləndirib. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsinin başladığı ilk gündən etibarən Türkiyə xalqının, başda Türkiyə Prezidenti olmaqla bütün səviyyələrdə dəstəyini hiss etdiyini və bunun yüksək dəyərləndirildiyi vurğulanıb. Nazir hazırda Türkiyənin bölgədə sülhün təmin edilməsi istiqamətində tam dəstəyini hiss etdiyimizi və bunu alqışladığımızı qarşı tərəfin diqqətinə çatdırıb.

Görüş zamanı tərəflər, eyni zamanda Azərbaycan və Türkiyə arasında ikitərəfli əməkdaşlıq münasibətlərin gündəliyi üzrə, o cümlədən parlament əməkdaşlığı istiqamətində, habelə regional təhlükəsizlik mövzuları ətrafında geniş fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin çoxtərəfli platformalarda və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu