Ceyhun Bayramov ABŞ rəsmisi ilə sərhəddəki gərginliyi müzakirə edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər bölgədə mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların həlli ilə bağlı məsələləri müzakirə ediblər.
İki ölkə sərhədində yaşanan gərginlikdən narahatlıq ifadə edən Filip Riker vəziyyətin sabitləşməsinin vacibliyini vurğulayıb.
Nazir Ceyhun Bayramov iki ölkə sərhədində baş verən gərginliklər, xüsusilə də son günlərdə Ermənistan tərəfindən təxribatlara əl atılması, Azərbaycan mövqelərinin intensiv atəşə tutulması və nəticədə 23 iyul tarixində Azərbaycanın bir hərbi qulluqçusunun şəhid olması, 28 iyul tarixində isə iki hərbi qulluqçumuzun yaralanması barədə qarşı tərəfə məlumat verib. Azərbaycan tərəfinin bu təxribatlara cavab olaraq müvafiq tədbirlər gördüyü və sərhəd mövqelərimizi müdafiə etdiyi qeyd olunub.
Nazir Azərbaycanın vəziyyətin gərginləşməsində maraqlı olmadığını və bütün fikir ayrılıqlarının siyasi və diplomatik yolla həllinin tərəfdarı olduğunu vurğulayıb.
Nazir Ceyhun Bayramov Ermənistanın məsuliyyətini dərk etməsinin və təxribatlara son verməsinin vacib olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.