Hökumətin bütün absurd qərarlarının son ödəyicisi vətəndaşdır - Natiq Cəfərli


Dünyanın hər yerində, daha doğrusu, seçkili, hesabatlı, məsuliyyətli hökumətlər olan ölkələrdə pandemiyaya görə biznesə, kiçik və orta sahibkarlara müxtəlif növ dəstək proqramları qəbul edilir, biznesi ayaqda tutmaq üçün təşviqedici addımlar atılır. Azərbaycan hökuməti biznesə dəstək bir qırağa, mane olmaq üçün gecə-gündüz çalışır, “kreativ” addımlar düşünür, məntiqi “öldürüb” qərarlar verir.


AFN xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib. O qeyd edib ki, Nazirlər Kabineti qeyri-ərzaq mallarının üzərinə Azərbaycan uyğunluq nişanı (AZC) vurulması ilə bağlı qərar verməyə hazırlaşır: "Sahibkarlar istehsal və ya idxal etdikləri aşağı və orta riskli qeyri-ərzaq mallarının təhlükəsizliyinə dair uyğunluq bəyannamələrini özləri tərtib edəcəklər. Yüksək risk qrupuna aid olan qeyri-ərzaq malları isə akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən yoxlanıldıqdan sonra onlara müvafiq sertifikatlar təqdim olunacaq. Yəni, tərcüməsi budur ki, sahibkar özü uyğunluq bəyannaməsi tərtib edə biləcək, amma doğru tərtib edib-etmədiyini yoxlayacaqlar, yüksək risk qrupuna aid olan malların bəyannaməsini isə müvafiq icra qurumu təsdiqləyəcək. Daha betəri odur ki, bu yüksək risk qrupu nəmənədirsə, onun siyahısını da Nazirlər Kabineti özü müəyyən edəcək".
Ekspert bildirib ki, Azərbaycanda istənilən “icazə kağızı” əlavə puldur, rüşvətdir, korrupsiya mənbəyidir: "İş adamlarını nədən yükləyirsiniz ki?! Bilmirsinizmi ki, iş adamları istənilən əlavə xərci mal və xidmətlərin üzərinə gəlir, nəticədə qiymətlər daha da bahalaşır, yəni, hökumətin bütün absurd qərarlarının son ödəyicisi vətəndaşdır, alıcıdır".
N.Cəfərlinin sözlərinə görə, bu qərar tamamilə məntiqsizdir: "Əvvəla, daxili istehsalın keyfiyyətini, uyğunluğunu yoxlayan bir neçə qurum var, yenisini əlavə etməyə nə ehtiyac var ki?! Güya, ölkə nə qeyri-ərzaq malları istehsal edir ki, hələ bir bunun uyğunluğunu yoxlamağa ehtiyac da olsun?! Əynimizə corab-tuman istehsal edə bilmirik, hökumət bu haqda düşünməkdənsə, yeni absurd qərarlar alır. İkincisi, ölkəyə idxal olunun istənilən mallar məhz sərhəddə yoxlanılır, onların uyğunluğu, sertifikatları, tərkibi, təhlükəsizliyi məhz sərhəddə yoxlanıldıqdan sonra ölkəyə buraxılır-buraxılmalıdır. Zatən sərhəddə iş adamlarının başına min oyun açılır, lazım olan-olmayan bütün sənədlər tələb edilir, sonra mal-məhsul ölkəyə buraxılır. Yaxşı, mal ölkəyə gəldisə, deməli, satışa uyğundur, bundan sonra iş adamı pərakəndə satış üçün niyə kağız almalıdır ki?! Bu hökumət biznesin qənimidir, bu işin nə fəlsəfəsini bilir, nə sistemini öyrənir. Bizim millət nadir toplumlardandır ki, hökumətdən yeganə gözləntisi, istəyi kömək deyil, işinə mane olmamağıdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu