“İqtisadi Zonaların İnkişafı Agentliyi”nə iqtisadçı baxışı
"Atılan addım istiqamət, düşüncə olaraq doğrudur və onun həyata keçməsi biznesə dəstək olacaq. Amma bu proses bütün ölkəni əhatə etsə, daha yaxşı olar”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan Prezidenti İlham Əliyevin "İqtisadi Zonaların İnkişafı Agentliyi”nin yaradılması haqqında imzaladığı fərmanı dəyərləndirərkən deyib.
Onun fikrincə, bu qərar prosesin mərkəzləşdirilmiş qaydada idarə edilməsi və qaydaların ümumiləşdirilməsiylə əlaqəlidir:
"Azad iqtisadi zonalar, aqroparklar, texniki parkların yaranması son zamanlar populyarlıq qazanıb. Son illər ərzində bununla bağlı çoxsaylı qərarlar verilib”.
Amma həmsöhbətimiz öz şəxsi qənaətinə görə düşünür ki, Azərbaycan kimi kiçik ərazili ölkələrdə xüsusi zonalar o qədər də effektiv deyil:
"Belə addımlar əsasən ərazisi böyük olan ölkələrdə ciddi effekt verir. Məsələn Rusiyada, Uşaq Şərqin inkişafı üçün bu sayaq təşviq proqramları yaradılıb. Azərbaycan kimi ölkələrdə isə ölkənin bütün bölgələrinin eyni, daha təşviqedici, cəlbedici qaydalarla idarə olunması yolu ilə gedilməsi daha məntiqlidir”.
Ekspertin fikrincə, azad zonaların olması fonunda bir müddətdən sonra müəyyən disbalans da yarana bilər:
"Vergi və gömrük rejiminin həmin zonalarda daha cəlbedici olması fonunda bu ölkənin digər yerlərindən müəssisələrin məhz həmin bölgələrdə qeydiyyatdan keçmələrini təşviq edəcək. Bu zaman qanun qadağan etmədiyindən qeydiyyatı güzəştli bölgələrdə olan müəssisələr ölkənin digər bölgələrində də fəaliyyət göstərəcək. Bu isə disbalansın yaranmasına səbəb ola, digər bölgələrdə qeydiyyatdan keçən müəssisələrin inkişafında haqsız rəqabətə gətirib çıxara bilər”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev "İqtisadi Zonaların İnkişafı Agentliyinin” yaradılması haqqında fərman imzalayıb. İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək agentlik 65 milyon manatlıq nizamnamə fondu ilə azad iqtisadi zonaların inkişafı ilə bağlı dövlət siyasətini əlaqələndirəcək.





