İstəyirlər 50 belə fond yaratsınlar, islahatlar aparılmayınca heç nə dəyişməyəcək - Natiq Cəfərli


"Azərbaycanda biznesin inkişafı qarşısındakı sədləri ləğv etmək üçün bir fondun fəaliyyəti yetərli deyil".


AFN xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli Biznesin İnkişafı Fondunun yaradılması ilə bağlı prezident fərmanını şərh edərkən deyib. Xatırladaq ki, Prezident İlham Əliyevin sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərmanına əsasən İqtisadiyyat Nazirliyi nəzdində Biznesin İnkişafı Fondu (BİF) publik hüquqi şəxs təsis edilir. Yeni qurum “Sahibkarlığın İnkişafı Fondu” və “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin birləşdirilməsi yolu ilə yaradılır.

Fərmana əsasən BİF-in yaradılmasında əsas məqsəd iqtisadiyyatın qeyri-neft sektoruna investisiya qoyuluşunun təşviqi, sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmə sisteminin optimallaşdırılması və səmərəliliyinin yüksəldilməsi, əlaqələndirmənin gücləndirilməsi, bu sahədə şəffaflığın və sahibkar məmnunluğunun daha da artırılmasıdır. Fond iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafını dəstəkləyən, bu sahədə fəaliyyətin stimullaşdırılmasını təmin edən, habelə sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərən publik hüquqi şəxsdir. Onun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 9 (doqquz) üzvdən ibarət Müşahidə Şurası yaradılır. Müşahidə Şurasının 5 (beş) üzvünü İqtisadiyyat Nazirliyi, 4 (dörd) üzvünü isə hərəsindən bir nəfər olmaqla Mərkəzi Bank, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Turizm Agentliyi təyin edəcək.

Fondun fəaliyyətinə cari rəhbərliyi 5 (beş) üzvdən ibarət İdarə Heyəti həyata keçirir. İdarə Heyətinin üzvlərini, o cümlədən sədrini, Müşahidə Şurasının sədrini iqtisadiyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir.

"İstəyirlər 50 belə fond yaratsınlar, ədalətli məhkəmə yaranmadıqca, biznesin işinə müdaxilə edən hüquq-mühafizə, özlərini biznesdən ağıllı sayan yerli icra başçıları institutu qaldıqca heç nə dəyişməyəcək, dəyişməsi mümkün deyil" deyən N.Cəfərli təəssüflə bildirib ki, neft-qaz qiymətlərinin artması bu həqiqəti arxa plana çəkir, hökuməti növbəti dəfə ”tənbəlləşdirir": "Bu yaxınlarda qeyd etmişdim - 2030-cu ilə qədər enerjidaşıyıcılarının qiyməti yüksək olacaq, bu, ölkəmiz üçün ikinci və son şans olacaq ki, ciddi sistem islahatları həyata keçirib məmləkəti keyfiyyətcə yeni səviyyəyə çıxartmağa nail olaq. Birinci şansı iqtisadi olaraq itirdik, amma işğal faktının böyük ölçüdə sona çatması, torpaqlarımızın işğaldan böyük ölçüdə azad edilməsi o itirilmiş şansı müəyyən mənada kompensasiya etdi - indi isə ikinci və son şansı itirməyə haqqımız yoxdur. 2030-da tamam başqa dünyada yaşayacağıq, hazırlaşmasaq, bəşəriyyətin uduzanlar, autsayderlər “liqasında” qalacağıq..."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu