Deputatlar yenidən tətilə çıxıblar
Milli Məclisin deputatları yenidən tətilə çıxıblar.
Parlamentin üzvləri avqustun 30-dək istirahətdə olacaqlar.
Qeyd edək ki, Milli Məclisin 53 deputatı növbədənkənar sessiyanın çağırılması üçün sədr Sahibə Qafarovaya müraciət etmişdi. S.Qafarova avqustun 3-də növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalamışdı. Bu gün növbədənkənar sessiyanın iclası keçirilib. Toplantı başa çatıb.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.(Report)