Dövlət Komitəsində israilli jurnalistlərlə görüş keçirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivakın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri - İsrailin "Ronkino media group"un Marketinq direktoru Aleksandr Qur Arye, "Azİz"in informasiya saytının rəhbəri, siyasi şərhçi Yuriy Boçarov, "Luchsheye radio"nun üzvü, "Sputnik" qəzetinin baş redaktoru Mark Qorin, "Epoxa" regional qəzetinin baş redaktoru Lyudmila Karasova ilə görüş keçirilib.
Qurumdan AFN-ə verilən məlumata görə, Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti barədə onlara ətraflı məlumat verib. Bildirilib ki, Ermənistanın təcavüzkarlığı nəticəsində uzun illər öz yurdundan didərgin düşən bir milyona yaxın azərbaycanlının problemlərinin həllinə xüsusi diqqət göstərilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə məqsədyönlü iş aparılıb, onların yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi üçün ardıcıl tədbirlər görülüb. Bu sahədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir və məcburi köçkünlərdə dərin razılıq hissi doğurur.
Erməni faşizmi ilə mübarizədə dost İsrail dövlətinin ölkəmizə göstərdiyi mənəvi-siyasi dəstək minnətdarlıqla xatırlanıb. Qonaqlara işğaldan azad edilmiş ərazilərin vəziyyəti, orada həyata keçirilən təhlükəsizlik tədbirləri, bərpa-quruculuq işləri barədə məlumat çatdırılıb. Qeyd olunub ki, dövlətimiz məcburi köçkünlərin təhlükəsiz şəraitdə, könüllülük əsasında və ləyaqətlə öz torpaqlarına qayıtması üçün məqsədyönlü tədbirləri davam etdirir.
İsrailli jurnalistlər səmimi görüşə görə təşəkkür edib, ölkəmizin postmünaqişə dövründəki vəziyyəti ilə yaxından tanış olmaq üçün gəldiklərini, səfər çərçivəsində işğaldan azad edilmiş rayonlara gedəcəklərini, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına çalışacaqlarını bildiriblər.
Görüşdə qonaqları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.