Dövlət Turizm Agentliyinin Ağdama ödənişli tur planı tənqid edildi - MÖVQE


Dövlət Turizm Agentliyinin Ağdama turist səfərlərinin təşkil ediləcəyilə bağlı açıqlaması etirazla qarşılanıb.


AFN xatırladır ki, Agentliyin sədri Fuad Nağıyev mediaya verdiyi açıqlamada Ağdamda doğulmuş və təxminən 30 ildir ki, ora gedə bilməyən sakinlərin ziyarətinin təşkil ediləcəyini bildirib.
Qurumun Regional inkişaf sektorunun müdiri Elgün Cavadov isə bildirib ki, bu ilin əvvəlindən Qarabağ Turizm Marşrutları konsepsiyası hazırlanıb: "Konsepsiyaya Ağdam və Füzuli-Xocavənd marşrutları daxildir. Ağdama səfər barədə ictimaiyyətə məlumat veriləcək. Çünki iştirakçılıq məsələsi var. Həmçinin biletlərin onlayn və oflayn alınması məsələsi var. Qiymətlərə gəlincə isə hazırda bu barədə müzakirələr aparılır. Belə ki, hazırda idarələrarası mərkəz səviyyəsində müzakirələr gedir və biz təkliflərimizi vermişik. Sonuncu müzakirədə qiymətlərlə bağlı qərar veriləcək".
Xəbərlə tanış olan vətəndaşlar isə hesab edirlər ki, ağdamlıların Ağdama ödənişli şərtlərlə aparılması haqsızlıqdır. Sosial şəbəkələrdə aparılan müzakirələrdə insanlar bunu pul qazanmaq üçün atılan addım kimi dəyərləndirirlər. Təşkil ediləcək turları müdafiə edənlər də olsa da, etirazçılar daha çoxdur.

Tanınmış jurnalist, əslən Ağdamdan olan Səxavət Məmməd AFN-ə açıqlamasında bildirdi ki, Turizm Agentliyinin Ağdama təşkil edəcəyi turist səfərləri haqlı olaraq etirazla qarşılanır: "Düzdür, çoxlu sayda insanlar Ağdama, doğulduğu torpağa getmək istəyir. Bu baxımdan bunu müsbət də adlandırmaq olar. Məsələ ondadır ki, turist səfəri etmək mümkündürsə, hər kəndin icra nümayəndləri də bunu edə bilərdi. Əslində müharibədən bir müddət sonra bununla bağlı təklif də etmişdik ki, növbəli şəkildə bunu həyata keçirsinlər. Məsələ ondadır ki, o vaxt ərazinin minalarla dolu olduğu, təhlükəsizlik üçün uyğun olmadığı bildirildi. Erməni tərəfi Ağdamın minalanmış ərazilərinin xəritəsini verəndə məlum oldu ki, rayonda 97 min tank və piyada əleyhinə mina var. Bu, cəmi 2 ay əvvəlin məlumatıdır. O zaman sual yaranır, 97 min mina nə zaman təmizləndi? Təmizləmə işləri yekunlaşıb? Çıxıb bu barədə rəsmi açıqlama versinlər. 97 min minanının nəinki iki aya, heç iki ilə də təmizlənməsi praktiki olaraq mümkün deyil. O zaman sual yaranır, dövlət qurumları xalqı aldadır?"
S.Məmmədin sözlərinə görə, Ağdama buraxılış məntəqəsində dayananlara rüşvət verib, tanışlıqla keçən yüzlərlə insan var: "Bu proses hələ də davam edir. Həmin şəxslər arasında saxlanılıb, məhkəmə qarşısına çıxarılıb, 10-15 suta cəza verilən, pul cəriməsi edilənlər var. Əgər turist səfəri mümkündürsə, bu şəxsləri niyə cərimələyirlər? Aralarında tanıdığım şəxslər var ki, müharibə vaxtı bir gün dayanmadılar, əsgərlərə on minlərlə dəyərində yardımlar gətirdilər, onları belə cərimələdilər. İcazə istədikdə icazə vermədilər. Bu, haqısızlıqdan başqa bir şey deyil. Lap götürək jurnalistləri. Dəfələrlə olub ki, icazə istəmişəm, cavab bu olub - ərazi minalıdır, təhlükəlidir. Orada gedən minalardan təmizləmə işlərindən xəbərim var. Necə olur ki, jurnalistlərin işləməyinə gələndə ərazi təhlükəli olur, turizmə, pul qazanmağa gələndə təhlükəsiz? Ola bilsin cavab verəcəklər ki, turistlər təhlükəsiz ərazilərə aparılacaq. İcra başçısının, polis rəisinin yaxınları, tanışları təhlükəsiz ərazilərə buraxılırdı, digərləri yox?"

Məsələ ilə bağlı DTA-dan mövqe istədik. Agentliyin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə AFN-ə açıqlamasında bildirdi ki, vətəndaşlarımızın Ağdama səfəri planı üzərində dövlət qurumları ilə birgə müvafiq işlər aparılır: "Planlaşdırmaya görə, bu proses yaxın zamanda bitməlidir və səfərlərə başlanmalıdır. Səfərlərlə bağlı detallar hazırlıq mərhələsi bitəndən sonra tam olaraq ictimaiyyətə açıqlanacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu