Qarabağ üzrə Regional Turizm İnkişaf Strategiyası hazırlanır
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev sahibkarları azad olunmuş torpaqlarda hotellərin tikintisinə investisiya qoymağa çağırıb.
O, bu haqda dekabrın 17-də keçirilən Azərbaycan Hotel Assosiasiyasının 3-cü Baş Assambleyasında çıxış edərkən bildirib.
Assambleyada çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dünya turizminin bütün sahələri kimi hotelçilik sahəsinin də xeyli zərər gördüyünü qeyd edib.
Fuad Nağıyev sənaye üçün daha əlverişli mühitin yaradılması məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən müvafiq dəstək mexanizmlərinin hazırlanması ilə bağlı məlumat verib.
Agentlik sədri Qarabağ üzrə Regional Turizm İnkişaf Strategiyasının hazırlandığını bildirib. Eyni zamanda. Fuad Nağıyev sahibkarları Qarabağın turizm potensialına və hotellərin tikitintisinə investisiya yatırmağa səsləyib. Qarabağda turizmi birlikdə inkişaf etdirməyə çağıran F.Nağıyev tezliklə Qarabağda yeni hotellərin açılacağına və oraya üz tutan turistlərə ən yüksək keyfiyyətli xidmətlərin göstəriləcəyinə dair inamını ifadə edib.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Milli Ulduz Təsnifatı sisteminə uyğun olaraq artıq 4 regional hotelə ulduz kateqoriyasının verildiyini bildirib.
O, çıxışında, həmçinin turizm sənayesini postpandemiya dövrünə hazırlamaq üçün həyata keçirilən layihələr haqqında məlumat verib. Bildirib ki, hotelçilik sənayesinin nümayəndələri pandemiya ilə bağlı yaranmış böhranlı və çətin vəziyyətdə sosial məsuliyyətlilik nümayiş etdiriblər. “Xaricdən gələn vətəndaşların yerləşdirilməsi üçün karantin rejimində istifadə olunan hotellərin dəstəyi yüksək qiymətləndirilir”,- deyə F.Zenqstşmid əlavə edib.