Jurnalist Baş Prokurorluqla Səhiyyə Nazirliyinin arasında qalıb: "Prezidentin göstərişi yerinə yetirilmir"

Fevralın 18-i həkim cahilliyi, səriştəsizliyi və insafsızlığı ucbatından başımıza gələn hadisədən 6 ay ötür, lakin bəzi qurumların hərəkətsizliyindən narahatam.
AFN xəbər verir ki, bunu tanınmış jurnalist Günel Gözəlova deyib. Onun sözlərinə görə, baş vermiş hadisə ilə bağlı başladılan məhkəmə prosesinin sonuncu iclasında, yəni iyul ayının 30-da məhkəmədən iş üzrə tibbi ekspertizanın təyin edilməsi, AR Səhiyyə Nazirliyi Pataloji Anatomiya Birliyi və Məhkəmə Tibbi Ekspertiza Birliyinə məsələnin həvalə olunması xahiş edilib: "Eyni zamanda ekspertin bilə-bilə yalan rəy verərsə cinayət məsuliyyəti barədə xəbərdar edilməsini istədik. Ekspertiza qarşısında aşağıdakı şərtlər qoyuldu:
1. Gözəlov Anar Yaqub oğlunun 18 fevral 2021-ci il tarixdə əməliyyata alınmazdan öncə onun müayinə nəticələri onu əməliyyat etməyə imkan verirdimi?
2. Xəstə əməliyyata hazırlanan zaman və əməliyyat vaxtı(müayinələr, anesteziya və həcmi) hansı tədbirlər görülüb?
3. Gözəlov Anar Yaqub oğlunda aparılan əməliyyatın müddəti maksimum nə qədər(zaman) davam edə bilərdi?
4. Gözəlov Anar Yaqub oğlunun sağlamlıq durumu və bunun nə vaxt, eləcə də hansı səbəbdən yarandığı müəyyən edilsin.
Nərimanov Rayon Məhkəməsinin hakimi Vüqar Quliyev vəsatətimizi təmin etdi. Bu gün aldığım məlumata görə, işə start verilib".
Səhiyyə Nazirliyinin müvafiq qurumuna və ekspertlərinə güvəndiyini deyən xanım jurnalist qeyd edib ki, eyni zamanda müəyyən narahatlıqları da var: "31 may 2021-ci il tarixində tərəfimdən, məhkəmədən kənar, bir jurnalist, zərəçəkən və çəkməkdə davam edən, ailəsi “həkim” Araz Bayramov tərəfindən tar-mar edilən, karyerasına başına gələnlər ucbatından davam edə bilməyən, aylardır atası gözünün önündə sağ ola-ola atasızlıq yaşaşan bir qız uşağının anası kimi başıma gələnləri ölkəmin rəhbəri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident, xanım Mehriban Əliyevaya, eyni zamanda daxili işlər naziri Vilayət Eyvazova, AR Baş prokuroru Kamran Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, səhiyyə nazirinin birinci müavini Teymur Musayevə məktub vasitəsilə çatdırdım. Və məktublara çox operativ münasibət bildirildi, poçt vasitəsilə aldığım cavablara əsassən anladım ki, problem araşdırılması üçün AR Baş Prokurorluğuna göndərilib. Nəticədə Nərimanov rayon prokurorluğu məsələnin araşdırılması istiqamətində işə başladı, bundan isə məndən izahat almaq üçün quruma dəvət olunanda xəbərdar oldum. Lakin tam 1 aydır həm Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, həm Azərbaycan Respublikasının Baş Prokurorluğu, həm də Nərimanov Rayon Prokurorluğundan məhkəmədən kənar aparılan araşdırmanın nə yerdə olduğu ilə bağlı cavab ala bilmirəm. Adıçəkilən qurumların mətbuata cavabdeh şəxsləri Pərviz Əbubəkirov, Günay Səlimzadə biri digərini təkzib edən cavablar verir. Baş Prokurorluq araşdırma üçün Səhiyyə Nazirliyinə məktub yolladıqlarını, Səhiyyə Nazirliyi isə almadıqlarını deyir. Eyni zamanda Səhiyyə Nazirliyinin mənlə əlaqə saxlayan əməkdaşı Səkinə xanım ekspert məzuniyyətdə olduğu üçün cavabın gecikdiyini söyləyir. Beləliklə, ölkəmizin başçısı, Cənab Prezident İlham Əliyevin gecikdirmədən araşdırmaya göndərdiyi problemlə bağlı ekspert həkimin istirahətinin bitməsini gözləyirəm. Yoldaşım Anar Gözəlovu şikəst edən Araz Bayramovsa özünü sosial şəbəkələrə dollar xərcləməklə PR edir, müştəri yığır və pul qazanır! Görəsən kimdir müqəssir və biz indiki durumda nə edək?!"