Vaksin olunan müəllimlər daha çox maaş alacaqlar - RƏSMİ
AFN Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın 2021-2022-ci tədris ilinin başlanması ilə bağlı müsahibəsini təqdim edir:
- Dərs ilinin başlanmasına sayılı günlər qalır. İndi bütün diqqətlər, müzakirələr bu istiqamətə yönəlib ki, əyani tədris bərpa olunacaq, yoxsa proses yenə məsafədən təşkil ediləcək?
- Hədəfimiz, bütün səylərimiz ona yönəlib ki, ənənəvi təhsil bərpa olunsun, yenə tədris ocaqlarımız əvvəlki qələbəliyini yaşasın.
Övladlarımız doğma məktəblərindən, sevimli müəllimləri, məktəb yoldaşları ilə canlı ünsiyyətdən uzaq qalmasınlar.
Məktəb divarları arasında müəllim-şagird ünsiyyəti, mənəvi bağlılığı heç nə ilə əvəz oluna bilməz. Məktəbin gözəlliyi, özəlliyi onun şagirdləridir.
Dərs zamanı hökm sürən sakitlik, tənəffüs zəngi ilə yaranan səs-küy… Bax budur bizim həsrətində olduğumuz məktəb.
Dediyim kimi, bütün səylərimiz də bunun üçündür. Bütün imkanlar ənənəvi təhsilin bərpa olunmasına yönəlib. Əlbəttə ki, bu arzuya gedən yol da kütləvi vaksinasiyadan keçir.
- Maraqlıdır, dərs bölgüsü zamanı peyvənd olunan müəllimlərlə peyvənd olunmayanlar arasında fərq qoyulacaqmı?
- İlk növbədə qeyd edim ki, müəllim həmişə yolgöstərən, maarifləndirən olub və bu, bu gün də belədir.
Bu baxımdan bütün müəllimlər, təhsil işçiləri yaxşı anlayır ki, vaksinasiya prosesində fəallıq təkcə ənənəvi tədrisin bərpası üçün deyil, ümumilikdə cəmiyyətin gələcəyi üçün vacibdir.
Bütün ehtimallar nəzərə alınarsa, sanitar-epidemioloji vəziyyətin dəyişmə riskləri qiymətləndirilərsə, təbii ki, vaksin olunmaq ənənəvi qaydada daha çox saatda dərs demək imkanı kimi səciyyələndirilə bilər.
Bir məsələni də qeyd edim ki, tədris müəssisələrində heyət üzvlərindən vaksin vurulmuş şəxslərin vaksin pasportlarının, koronavirus infeksiyasına yoluxma səbəbilə vaksin vurulmayan şəxslərin immunitet sertifikatlarının və əks-göstərişi olan şəxslərin əks-göstəriş sertifikatlarının tələb olunması müzakirə edilir.
Düşünürəm ki, müvafiq tədbirlər ümumi məqsədlərə xidmət etməklə yanaşı, həm də təhsilalanlar və təhsilverənlər üçün daha səmərəli tədris mühitinin yaradılmasına xidmət edəcək.
Bizim üzərimizə düşən isə normal həyata qayıtmaq üçün vaksinasiya prosesində fəal iştirak etməkdir. Unutmayaq ki, virus alacağımız tədbirlərdən daha güclü deyil. Alacağımız ən böyük tədbir isə peyvənd olunmaqdır.
Tədris ilinin başlanmasına qalan 20-25 gün ərzində ümid edirik ki, təhsil işçiləri arasında peyvənd olunanların sayı artacaq. Bu, həm ümumi işimizə, həm də sağlamlığımıza xidmət etmiş olacaq.
- Son zamanlar ictimaiyyət arasında, xüsusilə sosial şəbəkələrdə belə bir fikir dolaşır ki, valideyni vaksin olunmayan şagirdlər məktəbə buraxılmayacaq. Bu fikir reallığı əks etdirirmi?
- Məsələyə Təhsil Nazirliyi rəsmi olaraq açıqlama verdi, aydınlıq gətirdi. Düşünürəm ki, valideynlər qarşısında bununla bağlı hər hansı tələbə və tapşırığa zərurət olmayacaq. Amma unutmayaq ki, məktəb təkcə müəllim və şagirddən ibarət deyil.
Valideyn də bu sistemin bir parçasıdır və hətta deyərdim ki, çox əhəmiyyətli bir parçasıdır. Onların övladlarının sağlamlığını, təhsilini düşünərək peyvənd olunmuş müəllim qədər valideyn də məsuliyyət daşıyır.
Ona görə də əziz valideynlərimizi də ümumi təşəbbüsə qoşularaq ənənəvi tədrisin bərpasına layiqli töhfə verməyə çağırıram.
Sonda bir daha qeyd edim ki, paytaxtın ümumi təhsil müəssisələrində çalışanların vaksinasiyasının əyani tədrisə keçidi sürətləndirəcəyinə ümidlərimiz sonsuzdur.
Hər kəs öz cəbhəsindən bu işə dəstək olarsa, vaksinasiya prosesinə fəal qoşularsa, normal həyata qayıtmağımız yolunda yaşıl işıq yanacaq.