18 ailə üzvü koronavirusa yoluxan jurnalistə CAVAB
“Ötən həftə qardaş-bacılarımın ailə üzvləri - 13 nəfər Bakıda olmaqla, cəmi 18 nəfər – COVID-19 əlamətləri ilə yatağa düşüblər. Test üçün zəng vurduğumuz təcili tibbi yardımdan gah Aşura gününü bəhanə gətirdilər, gah yollar tıxacdır dedilər... Yalnız 3 gün sonra - ötən həftənin 5-ci günü gəlib çıxıblar, yaxma götürüb gediblər”.
Bu barədə jurnalist Qabil Abbasoğlu sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, 4 gün keçəndən sonra götürülən testlə bağlı heç bir cavab ala bilməyiblər. Jurnalist əlavə edib ki, həmin şəxslər ağır vəziyyətdə olsa da, TƏBİB diaqnoz açıqlamayıb, Səhiyyə Nazirliyi isə diaqnoz yoxdursa, "bizlik deyil" deyib. TƏBİB və Səhiyyə Nazirliyinin nömrələri ilə isə əlaqə saxlamaq mümkün olmayıb.
“Qafqazinfo” qeyd olunan problemlə bağlı TƏBİB-ə sorğu göndərib. Qurumdan bildirilib ki, TƏBİB Bakı şəhəri üzrə virusa yoluxmuş şəxslərin yalnız stasionar müalicəsi ilə məşğuldur. Ambulator müalicə Təcili Tibbi Yardım xidməti və poliklinikaların evdə müalicəsi ilə bağlı Səhiyyə Nazirliyinə müraciət oluna bilər: “Eyni zamanda qeyd edək ki, laboratoriyalar Səhiyyə Nazirliyi, TƏBİB-in tabeliyində və özəl xidmət şəklində fəaliyyət göstərir. Laboratoriyalara daxil olmuş nəticələr mərhələli şəkildə yoxlanılaraq sistemə işlənilir. Götürülmüş test nəticəsinin çox olması səbəbindən 1-3 gün ərzində gecikmələr müşahidə oluna bilir”.
Səhiyyə Nazirliyindən isə sorğumuza cavab olaraq bildirilib ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım ilk öncə təxirəsalınmaz çağırışlara xidmət edir: “Yaşı 65-dən yuxarı vətəndaşlar, hərarəti 38 dərəcədən yüksək vətəndaşlar, eyni zamanda həssas risk qrupuna aid edilən insanlardan təcili yardım gələrək yaxma götürür. Qalan bütün hallarda vətəndaşlar sahə üzrə poliklinikaları ilə əlaqə saxlamalıdırlar”.
Nazirlikdən həmçinin bildirilib ki, COVID-19 diaqnozu təsdiqlənməyibsə, bu zaman ərzində vətəndaşda yaranan narahatlıqlarla bağlı sahə həkimlərinə məlumat vermələri xahiş olunur: “Bu mövzuda onlar vətəndaşlara klinik əlamətlərə uyğun olaraq yardımçı olacaqlar”.