TƏBİB, SN və İTSA arasında xidmət bölgüsü: kim nəyə məsuldur? - ARAŞDIRMA


Son günlər ən çox narazılıq edilən sahə səhiyyədir. COVİD-lə mübarizə prosesində mövcud vəziyyət heç də ürəkaçan deyil. Ən çox müzakirə olunan məsələ isə xidmətlərin pərakəndəliyidir. Vətəndaşlar rəsmən üç dövlət qurumu arasında qalıb desək, yanılmarıq.


Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) arasında bölünən xidmətlər əhalini çaşbaş salıb. Hansı qurumun peyvəndləməyə, hansının test edilməyə, hansının müalicəyə məsul olduğu dəqiq bilinmir. Bütün bunları nəzərə alaraq AFN kiçik bir araşdırma aparıb. Araşdırmamızda COVİD-19-la bağlı və ümumiyyətlə hazırda səhiyyə sahəsində hansı xidmətləri hansı qurumun göstərməsi haqda mövcud suallara aydınlıq gətirməyə çalışmışıq. Zaman-zaman mediada, sosial şəbəkələrdə gündəmə gələn, insanları ən çox maraqlandıran sualları və cavablarını təqdim edirik:

- COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB və Səhiyyə Nazirliyi hansı bölgüyə uyğun fəaliyyət göstərir?

- Nazirlər Kabinetinin müvafiq qərarına görə Bakı şəhəri üzrə poliklinikalar, evdə müalicə, Təcili Tibbi Yardım Xidməti, yaxma (test) götürülməsi, poliklinikalarda peyvəndlərin vurulması Səhiyyə Nazirliyi tərəfindən koordinasiya edilir.
Stastionar müalicə, Abşeron,Sumqayıt və digər regionlarda vaksinasiya prosesi TƏBİB-in səlahiyyətindədir.

- Virusla mübarizə tədbirlərində çalışan işçilər və həkimlərin maaşlarını hansı qurum verir?

- COVID-19-a yoluxmuş şəxslərin stasionar müalicəsində çalışan şəxslərin və ümumilikdə tibb işçilərinin iş saatları tibb müəssisəsində müəyyənləşdirilir, maaşları İcbari Tibbi Sığorta Agentliyi tərəfindən ödənilir.

- Həkimlərin sertifikasiya imtahanlarını hansı qurum keçirir?

- Sertifikasiya imtahanları Səhiyyə Nazirliyi tərəfindən keçirilir.

- Laboratoriyalara məsul qurumlar hansılardır? Test cavabları yanlış olduqda vətəndaş hara üz tutmalıdır?

- Laboratoriyalar Səhiyyə Nazirliyinin, TƏBİB-in nəzdində və özəl olaraq fəliyyət göstərir. Götürülmüş yaxmaların cavabları vahid portala işlənilir.

- İTS.gov.az və E-TƏBİB ilə bağlı suallar hansı quruma yönəldilməlidir?

- Hər iki platforma ilə bağlı İTS-ə müraciət edə bilərsiniz.

- Xəstəxanaların təmiri, oranın tibbi avadanlıqlara təmin edilməsi hansı qurumlar tərəfindən həyata keçirilir?

- Qeyd edilən məsələ İTS tərəfindən həyata keçirilir. Avadanlıqların alınması, ölkəyə gətirilməsi və xəstəxanalara təchiz edilməsi həmin qurum tərəfindən tənzimlənir.

- Xarici ölkələrdə vaksin olunmuş şəxslərin COVID vəsiqəsi hansı qurum tərəfindən tanınır?

- Vətəndaş xaricdə vaksinasiya olunubsa Səhiyyə Nazirliyi yanında yaradılmış komissiyaya müraciət etməlidir. (Qaynar xətt 9103)

- Əks göstəriş sertifikatı üçün hara müraciət edək?

- Əks göstəriş sertifikatının verilməsi yalnız Səhiyyə Nazirliyi tərəfindən yaradılmış komissiya tərəfindən müəyyən edilir.

- Qanda antitel çıxırsa, immun sertifikatı verilirmi?

- İmmun sertifikatı ÜST-ün tövsiyəsinə əsasən yalnız PCR testi müsbət çıxmış şəxslərə verilir. Qanda antitellərin olması peyvənd üçün əks göstəriş deyil və test nəticəsi ilə immun sertifikatı almaq mümkün deyil.

- Virusa yoluxan, dünyasını dəyişən şəxslər, eyni zamanda gün ərzində vurulmuş peyvəndlərin dozası ilə bağlı statistik rəqəmlər hansı qurum tərəfindən hazırlanır?

- Ölkə üzrə fəaliyyət sahəsinə görə rəqəmlər SN, TƏBİB və digər qurumlar tərəfindən toplanaraq Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunur. Ölkə üzrə statistikanı OQ-dan əldə etmək olar.

- Xarici vətəndaşların vaksinasiya edilmə məsələsində yaranmış problemlər nə ilə bağlıdır?

- Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalara əsasən, 1 ildən az olmayaraq yaşamaq icazəsi olan və daimi qeydiyyata düşmüş şəxslərin peyvənd olunması nəzərdə tutulub. 3 aylıq müddətdə Azərbaycana gəlmiş və ölkələrinə qayıda bilməyən şəxslərin vaksin edilmələri nəzərdə tutulmur. Nazirlər Kabineti tərəfindən qərar qəbul edildikdən sonra həmin şəxslər vaksin edilə bilər.

- İcbari tibbi sığorta başlasa da, tibb müəssisələrində yenə pullu xidmətlərin olması haqda şikayətlər var. Belə hallarla üzləşdikdə vətəndaşlar hansı quruma üz tutmalıdırlar?

- İcbari tibbi sığorta ödənişləri İTSA tərəfindən həyata keçirilir. Lakin həkimlərin tibbi xidməti pulla göstərməsi halları varsa, o zaman vətəndaşlar TƏBİB-ə müraciət etməlidirlər.

- Vaksinlərin alınmasını və ölkəyə gətirilməsini hansı qurum həyata keçirir?

- Bu proses Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi tərəfindən reallaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu