Qurban Qurbanov: "Özümüzü göstərmək istəyirik"


"İlk oyuna çıxacağıq. Biz həmişə qrupda oynamağı istəmişik. Bu, tam başqa turnirdir. Belə oyunlarda özümüzü yaxşı tərəfdən göstərmək istəyirik. İnanıram ki, sabah futbolçular ağıllı oyun göstərəcəklər. Bunu onlara güvənərək deyirəm. Belə komanda ilə görüşdə istəkli olmaq çox vacibdir".


Bunu "Qarabağ"ın baş məşqçıisi Qurban Qurbanov İsveçrə "Bazel"inə qarşı Bakıda keçirləcəkləri Konfrans Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, son vaxtlar İsveçrə futbolu tam fərqli səviyyəyə çatıb: "Dünən "Yanq Boyz" "Mançester Yunayted"ə qalib gəlib. Bu ölkənin futbolu bizə tanışdır".

"Yanq Boyz"un çox sürətli oyun sərgilədiyini söyləyən Qurbanov rəqib hücumçu Artur Kabralın çıxışını fərqləndirib: "Bu komanda müdafiədən hücuma cəld çıxır. Biz əvvəlcə hər bir kollektivin oyun sistemini analiz edir, daha sonra fərdi oyunçulara keçirik. Kollektiv oyun çox vacibdir. Həm hücumda, həm də müdafiədə bir-birimizə yaxın olmalıyıq. Futbolçularımız hər futbolçuya yaxın olacaq. Kabral cərimə meydançasında daha çox təhlükəlidir. Müdafiəçilərimiz onu yaxından tanıyacaqlar. İnanıram ki, hər oyunçu üçün yaxşı diqqət ayrılacaq".

Təcrübəli baş məşqçi "Qarabağ"ın "Neftçi" ilə qarşılaşmada çox güc sərf etdiyini vurğulayıb: "İstəyirəm ki, bütün oyunlarımız bu səviyyədə keçsin. Oyunçular meydan amilinə görə daha çox güc sərf etməli oldu. Bu gün komandada bir az yorğunluq var. Amma hər bir halda onların durumuna görə məşq proqramı qurmuşuq. Sabah səhər də məşqimiz olacaq. Qrupdakı ilk oyunda yorğunluq haqqında çox düşünməməliyik. Bu, əlimizdə səbəb olmamalıdır. İllərdir ki, bu rejimdə oynayırıq. Mikrozədəli futbolçularımız var. Sabah komandanın matça tam heyətlə hazır olacağına inanıram".

Mütəxəssis millinin oyunlarından sonra futbolçularda psixoloji çətinliklərin yaşandığını da diqqətə çatdırıb: "Qarabağ"ın futbolçuları digər komandaların oyunçularından daha çox matça çıxırlar. Futbolçuların nə qədər istirahət etmələri də önəmlidir. Milli, çempionat və avrokubok tam başqa səviyyədir. Avrokubokda oynamayanda çempionat oyunlarına köklənmək daha asan olur. Belə amillər məni narahat edir. Psixoloji yorğunluq fiziki yorğunluğa da gətirib çıxarır. Onlar özlərini maksimum göstərməyə çalışırlar. Bu, futbolçuların borcudur".

Qurbanov "Neftçi"ni 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının III tur matçında dubl edən İbrahima Vadji barədə isə bunları deyib: "Vadji son matçda yaxşı oynadı. Bu o demək deyil ki, Vadji istədiyim oyunu sərgiləyib. Hər şeyi edəcəyik ki, o, daha yaxşı oyun göstərsin və kollektivə uyğunlaşsın. Tam fərqli çempionata gəlib. Onun fiziki gücündən və istəyindən razıyam. Bəzi komponentləri yaxşılaşdırmalıyıq. İnanıram ki, bu işguzarlıqla çatışmayan cəhətləri arxada qoyacaq. Bu gün "Qarabağ"dakı bütün futbolçulara inanıram. Onlarla fərdi söhbətlərim olur".

Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" qarşılaşması saat 20:45-də başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az






Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu