Gömrükdə 133,4 kq narkotik vasitə aşkarlanıb
Gömrükçülər tərəfindən iki fakt üzrə narkotik qaçaqmalçılığı cəhdlərinin qarşısı alınıb.
AFN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən, Türkiyə Respublikası vətəndaşının idarə etdiyi 76DH649/76DH114 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində xidməti itin tətbiqi ilə gömrük baxışı həyata keçirilib. Xidməti itin reaksiyası nəticəsində 26 kisədə, ümumi çəkisi 19230 kiloqram olan qara rəngli süngər (pemza) daşı yükünün içində 68 kiloqram 390 qram narkotik vasitə - tiryək aşkar edilib.
Həmin nəqliyyat vasitəsinin ardınca Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına getmək üçün giriş edən, hərəkət marşrutu, yükü, idxalatçı və ixracatçının rekvizitləri eyni olan, Türkiyə Respublikası vətəndaşının idarə etdiyi 76DF619/76DH576 dövlət nömrə nişanlı “Man” markalı nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində gömrük baxışı həyata keçirilən zaman isə 26 kisədə, ümumi çəkisi 19790 kiloqram olan qara rəngli süngər daşlarının içindən 65 kiloqram 020 qram narkotik vasitə - tiryək aşkarlanıb.
Hər iki fakt üzrə oxşar gizlətmə üsulundan istifadə edilib. Belə ki, ümumi çəkisi 133,4 kq olan narkotik vasitə qarışdırıldığı süngər daşları ilə eyni formaya salınmaqla aşkarlanması çətinləşdirilmiş halda olub.
Qeyd olunan faktlarla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.