Araik Qarabağdakı məğlubiyyətə görə sorğuya çəkilir
Ermənistanın Baş Prokurorluğu 44 günlük müharibə ilə bağlı qaldırılan 2000-dən çox cinayət işləri üzrə işləri davam etdirir.
“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, cinayət işləri Ermənistanın İstintaq Komitəsinin hərbi-istintaq üzrə Baş idarəsi, Milli Təhlükəsizlik Xidmətinin İstintaq Departamenti və Xüsusi İstintaq Xidmətində qaldırılıb.
Bildirilir ki, barələrində cinayət işləri açılanlar xidmət yerlərini özbaşına tərk etməkdə, qanunsuz silah-sursat, həmçinin partlayıcı maddələr əldə etməkdə, çağırışdan yayınmaqda, əmrləri yerinə yetirməməkdə, qəsdən özünə zərər yetirməkdə, döyüş növbətçiliyi qaydalarını pozmaqda və s. cinayətlərdə təqsirli bilinirlər.
Bütün bu cinayət işləri barəsində genişmiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Bildirilir ki, Qarabağın cənubunda və Şuşa istiqamətində hadisələr ilə bağlı iş üzrə qondarma rejimin rəhbəri Araik Arutyunyan və onun müşaviri və sözügedən rejimin digər “rəsmiləri” də daxil olmaqla təqribən 150 nəfər məsələsinə baxılır. Bu günə qədər təqribən 20 baxış və müsadirə həyata keçirilib. Qeyd olunur ki, əldə edilmiş sübutlar əsasında 800-dən çox nəfər barəsində ittiham irəli sürülməsi haqda qərar qəbul edilib.