Bakı metrosunun həftəsonları üçün iş rejimi açıqlandı
Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin 24 sentyabr tarixli 280 nömrəli “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq, oktyabrın 1-dən ictimai nəqliyyat, o cümlədən Bakı metropoliteni həftəsonları sərnişindaşıma fəaliyyəti göstərəcək.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, həftəiçi olduğu kimi, istirahət günlərində də metropolitenin stansiyaları saat 06:00-dan 00:00-dək sərnişinlərin girişinə açıq olacaq.
Qatarların hərəkət cədvəli 2019-cu ilin eyni dövrünün qrafikinə uyğun tərtib olunub. Bu səbəbdən qatarlararası interval qırmızı xəttin “28 May-Həzi Aslanov” sahəsində 2 dəqiqə 30 saniyə təşkil edəcək. Yaşıl və qırmızı xətlərin kəsişərək birləşdiyi müştərək sahəsi olan “28 May” stansiyasından sonra, “İçərişəhər” və “Dərnəgül” stansiyalarına və əks istiqamətdə qatarlar arasında interval 5 dəqiqəyə bərabər olacaq.
Bənövşəyi xətdə qatarların hərəkət cədvəlində dəyişiklik edilməyəcək.
Pandemiya şəraiti davam etdiyindən, müəssisə və təşkilatların iş rejimi, o cümlədən təlim-tədris ocaqlarının fəaliyyətində mümkün dəyişikliklərin nəzərə alınması məqsədilə xətlər üzrə müvafiq monitorinqlər həftəsonları davam etdiriləcək. Sərnişinlərin axın istiqamətləri və sıxlığı kimi mühüm məsələlər nəzarətdə saxlanılacaq. Zərurət olduqda, mümkün optimal texniki qərarlar veriləcək. Bu xüsusda ehtiyaca uyğun olaraq “Nərimanov” elektrik deposunda nəzərdə tutulan ehtiyat qatarlar xəttə buraxılacaq.