XİN-in vəzifəli şəxslərinin məhkəməsində ustanın adına şirkət açıldığı məlum olub


Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə şahidlər dindirilib.

Şahid qismində ifadə verən Çingiz Abışov bildirib ki, 6 şirkət təsis edib: "Həmin şirkətləri işlətmək üçün bankların birində çalışan Rövşən Məmmədova verdim. Rövşən Məmmədov isə 2 ilə yaxın mənə ayda 300 manat pul verirdi. Pulları bankdan çıxarırdım. Ümumilikdə bankdan 5 min manat pul çıxartdım. Şirkətlərin vergilərini Rövşən müəllim ödəyirdi”.

Daha sonra şahid qismində Tural Niftəliyev dindirilib.

O qeyd edib ki, Ç.Abışov onun adına şirkət açıb: “Sonra məni şirkətə direktor təyin etdi. Bankdan bir neçə dəfə 19 min manat pul çıxartdım və Rövşən müəllimə verdim. Buna görə də mənə hər dəfə 5-10 manat yol pulu verdilər. Sonra pul vermədikləri üçün həmin şəxslərdən uzaqlaşdım".

Şahid Günel İsayeva söyləyib ki, S.Əlizadə ilə Rövşən Məmmədov vasitəsilə tanış olub: “Onların şirkəti var idi, orada direktor müavini idim. Direktor isə Elgün adlı şəxs idi”.

Prosesdə Svetlana Gülməmmədova da ifadə verib. O, mühasib olduğunu və S.Əlizadənin təklifi ilə adına şirkət açıldığını bildirib: “Ümumilikdə adıma 75 min manat pul gəlib. Həmin puldan 1 faizi mənə verilib. Vergilər də ödənilib".

Şahid Məhyəddin Hüseynovun sözlərinə görə, usta kimi fəaliyyət göstərir: "Bilal Qasımovun evində çalışırdım. O təklif etdi ki, adıma şirkət yaradılsın və tikinti materialları ilə bağlı işlər görülsün. Sonra mənə dedi ki, iş alınmadı".

İttihamda məlum olub ki, həmin şəxsin adına yaradılan şirkətə etibarnamə alınaraq pullar köçürülüb.

Şahid bunlardan xəbərsiz olduğunu deyib.

Proses oktyabrın 5-də davam edəcək.

Xatırladaq ki, XİN-in sabiq işçiləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan cinayət işi üzrə saxlanılıblar. Keçirilən əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilərək həbs olunublar.

26 dekabr 2020-ci ildə hər iki şəxs barəsində həbs qətimkan tədbiri ləğv olunub və onlar ev dustaqlığına buraxılıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu