Nazirlik Xalq artistinin vəfatı ilə bağlı nekroloq yaydı
Mədəniyyət Nazirliyi Xalq artisti, rejissor, professor Ağakişi Kazımovun vəfatı ilə bağlı nekroloq yayımlayıb.
AFN xəbər verir ki, nekroloqda deyilir:
“Azərbaycan mədəniyyətinə itki üz verib.
Görkəmli rejissor, Xalq artisti, Prezident təqaüdçüsü Ağakişi Kazımov 2021-ci il oktyabr ayının 8-də vəfat edib.
Ağakişi Şəmməd oğlu Kazımov 1935-ci il iyun ayının 28-də Ağcabədi rayonunda dünyaya göz açıb.
A.Kazımov 1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyoru fakültəsində ali təhsil alıb. 1960-cı ildə Quba Dövlət Dram Teatrına baş rejissor təyin olunub. 1964-cü ildə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsinə daxil olub.
1969-1970-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında direktor, sonralar isə baş rejissor vəzifəsində çalışıb.
A.Kazımov 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Görkəmli sənətkar Ağakişi Kazımovun əziz xatirəsi doğmalarının, sənət dostları və sevənlərinin qəlbində əbədi yaşayacaq”.
Allah rəhmət eləsin!