Rusiyalı ekspert: "Üçtərəfli bəyanatın bəndlərini yerinə yetirməyən Ermənistandır"
“Üçtərəfli bəyanatın, habelə yanvar razılaşmasının regiondakı nəqliyyat yollarının açılmasına dair bəndləri icra olunmamış qalıb. Bunun da başlıca səbəbi Ermənistan siyasi rəhbərliyinin qeyri-konstruktiv davranmasıdır. Fikrimcə, Rusiya ilə Azərbaycan üçtərəfli bəyanatı həyata keçirmək üçün lazımi birgə səylər göstərəcək”.
Bunu “Report”a rusiyalı hərbi ekspert İqor Korotçenko Azərbaycan, Ermənistan və Rusiya xarici işər nazirlərinin Minsk şəhərindəki üçtərəfli görüşünü şərh edərkən deyib.
Onun fikrincə, Azərbaycanın Qarabağ bölgəsində olan bütün qanunsuz erməni hərbi birləşmələri buradan çıxarılmalıdır.
O, Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı olduqlarını bildirib: “Sözsüz ki, ermənilər özlərini də, övladlarını da Azərbaycan vətəndaş pasportu almağa həm mənəvi, həm də hüquqi cəhətdən hazırlamalıdırlar. Millətçi ideologiyanı, bütün əvvəlki ehkam və qaydaları bir kənara qoymaq Qarabağ ermənilərinin Azərbaycan vətəndaşları olaraq tam inteqrasiyasına gətirib çıxaracaq əsas amil olacaq”.
Ekspertin sözlərinə görə, dünya şəhərsalma və memarlığının ən qabaqcıl nailiyyətlərinin Qarabağda tətbiq olunması yerli ermənilər üçün inkişaf yolu ilə irəliləyən Azərbaycanda gələcəklərini görmələri baxımından güclü cəlbedici amil olacaq.