Kəramət narkoloji dispanserdən çıxdı: atasından kövrək sözlər
"Çox xoşbəxtəm, Kəraməti xəstəxanadan çıxartdıq, evdəyik. Neçə gün idi ki, ev Kəramətsiz idi, narahatlığımız vardı”.
Bunu Qaynarinfo-ya açıqlamasında şair Qəşəm Nəcəfzadə oğlu, yazıçı Kəramət Böyükçölün xəstəxanadan evə buraxılmasından danışarkən deyib. Şair oğlunun müalicəsində zəhməti olan bütün həkimlərə təşəkkür edib: "Fikirləşdikcə narahat olurdum, həmişə bir yerdə olduğun adam daha yoxdur, birdən-birə azadlıqdan qapalı bir yerə gedir. Kəramət özünü yaxşı hiss edir, müalicə olunub, həkimlərə təşəkkür edirəm”.
Qəşəm Nəcəfzadə Kəramətə həsr etdiyi və sosial şəbəkədə paylaşdığı şeirdən də danışıb: "Kəramətin 35 yaşı var, ona 35 şeir həsr etmişəm. Onun xəstəxanaya aparıldığı gün mən ona bir şeir yazdım və onu sosial şəbəkədə paylaşdım. Orada mən onun həyatını, yaşadığımız mühiti təsvir etmişəm, təkçə oğula olan məhəbbət deyil, həm də ictimai-sosial həyat var. Mən o həyatı yazmışam. Həmin gecə çox ağladım, Kəraməti evdə tapa bilməyəndə yoldaşımla onun xatirələri ilə baş-başa qaldıq. Həmin vaxt kitabların arasında onun göbəyini gördüm. Kəramətin göbəyini ilk kitabımın arasına qoymuşdum. Həmin şeirin hər misrasında göz yaşım var. Orada bir misra var, deyir, xəstəxanada sən doğulanda anasından soruşdum ki, birdən uşağımız dəyişik düşər. Dedi, yox, düşməz, qolunda qara xalı var. Deyir, bəs sən böyüyəndə kimdən dəyişik düşdün oğul? Əslində dəyişik düşməyib. Kəramət istedadlı, orjinal oğlandır. Mən yazılarımı yazanda ondan öyrənirəm, onu müşahidə edirəm, yazılarını oxuyuram, nəyisə mənə nişan verir. Kəramət övlad deyil, yazıçı kimi sevdiyim biridir. Azərbaycanda onu sevirlər, xalqımıza minnətdaram, Kəramət xəstəxanada olanda onunla maraqlandılar, narahat oldular, yazılar dərc etdilər. Bir daha oğlumal fəxr edirəm”.
Qeyd edək ki, yazıçı Kəramət Böyükçöl oktyabrın 7-də Maştağa Narkoloji Dispanserə yerləşdirilmişdi.