Dövlət Xidmətinin keçmiş rəisinə qarşı 5 milyondan artıq mülki iddia qaldırılıb


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


"Report" xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmiş qismində tanınan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti dəymiş ziyanla bağlı mülki iddia qaldırıb.

Mülki iddiada qeyd edilib ki, 5 milyon 327 min 900 manat ziyan təqsirləndirilən şəxsdən alınaraq dövlət büdcəsinə ödənilməlidir.

Təqsirləndirilən şəxsin vəkilləri isə mülki iddiaya etiraz ediblər. Bildiriblər ki, dəymiş ziyan ödənilib.

Daha sonra müdafiəçilər vəsatətlə çıxış etmək üçün məhkəmədən vaxt istəyiblər.

Proses noyabrın 18-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, keçirilən əməliyyat zamanı saxlanılan mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunan hökmə əsasən R.Bayramov 8 il azadlıqdan məhrum edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu