Hərbçilərimiz erməniləri niyə öldürmür, əsir götürür? - ŞƏRH
Xəbər verdiyimiz kimi, Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində Azərbaycan tərəfi 7 şəhid verib, 10 hərbçimiz isə yaralanıb.
AFN xəbər verir ki, sosial şəbəkələrdə insanlar şəhid və yaralı sayımızın çoxluğu qarşısında düşmən tərəfdən 13 nəfərin canlı olaraq əsir götürülməsinə etiraz edirlər. Bildirilir ki, gərək düşmən təxribatçıları öldürüləydi. Bu əsirlər bizə nə üçün lazımdır? Niyə erməni təxribatçıları yerindəcə öldürülməyib? Suallarla bağlı AFN-ə açıqlama verən hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, əvvəla, Azərbaycan beynəlxalq hüquqi sənədlərə əməl edir: "Əsirlərlə kobud davranmaq Cenevrə Konvensiyasına ziddir. Bu konvensiya müharibə zamanı əsirlərlə, mülki şəxslərlə davranış qaydalarını tənzimləyir, Azərbaycan da bu sənədə qoşulduğu üçün buradakı müddəaları yerinə yetirməyə məcburdur. Digər tərəfdən, əsir Azərbaycan tərəfinə sonrakı proseslər üçün daha çox lazımdır, nəinki ölü erməni əsgəri. Əsir həm informasiya deməkdir, həm də başqa dividentlər. İstənilən halda, Azərbaycan tərəfi düşməni müqavimət göstərəcəyi təqdirdə məhv edə bilər. Müqavimət göstərməyən və bizim hərbçilərin həyatına təhlükə törətməyən insanların əsir götürülməsi daha məqsədəuyğundur".