Həftəsonu toylara görə daha 33 nəfər cərimələnib
Noyabrın 25-28-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 1 178 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in Mətbuat Xidmətindən AFN-ə verilən məlumata görə, monitorinq 1 154 şadlıq sarayında, 24 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 33 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 595 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.