KOBİA mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün müsabiqə elan edib
İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlıq subyektlərinin elm və dəstək layihələrinin maliyyələşdirilməsi üçün müsabiqə elan edir.
Bu barədə KOBİA-dan bildirilib.
Məlumata görə, elan edilmiş müsabiqəyə sənəd qəbulu dekabrın 14-ü saat 18:00-da başa çatır.
KOB subyektləri müsabiqə üçün müvafiq sənədləri Agentliyə elektron (info@smb.gov.az) və yaxud birbaşa (AZ1069, Bakı şəhəri, Atatürk prospekti, 134) təqdim edə bilərlər.
Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq, müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hər bir şəxs müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər. Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Hər bir layihə üzrə maliyyələşdirmə məbləği maksimum 20 min manatdır.
Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri müvafiq ərizə, layihə və büdcənin əsaslandırılması üçün nümunəvi formaları Agentliyin saytından (https://bit.ly/3C8XQEm), ətraflı məlumatı isə (012) 404 04 01 və 131 Çağrı Mərkəzindən əldə edə bilərlər. KOB subyektləri müsabiqəyə təqdim ediləcək sənədlərin hazırlanması üçün Agentliyin KOB inkişafı mərkəzlərinin ödənişsiz dəstək və xidmətlərindən istifadə edə bilərlər. Layihələrin qiymətləndirilməsi zamanı onun KOB-ların inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin həyata keçirilməsi üçün tələb olunan müvafiq maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürüləcək.
Müsabiqənin nəticələri 10 fevral 2022-ci il tarixindən sonra KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdiriləcək.