Dünyada sanksiyalarla, məhdudiyyətlərlə üzləşən "Huawei"in işləri bizdə "xod" gedir - ekspert
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ADA Universiteti və “Huawei" anlaşma memorandumu imzalayıb. Sənədə əsasən, "Huawei" ADA-da Tədqiqat və İnkişaf Mərkəzi yaradacaq və yüksəkixtisaslı yerli mütəxəssislərin hazırlanmasına kömək edəcək.
İT üzrə mütəxəssis Osman Gündüz bu prosesi şərh edib. Onun sözlərinə görə, Azərbaycanda daha çox peşəkar kadr hazırlamaq, eləcə də azərbaycanlı istifadəçiləri qabaqcıl texnologiyalardan istifadəyə hazırlamaq baxımından bu anlaşma xeyli faydalıdır: "Yeri gəlmişkən, "Huawei" texnologiyalarından Qarabağda "Ağıllı kənd" layihəsində, texnoloji infrastrukturun qurulmasında da istifadə ediləcək. "Huawei" bizdə telekommunikasiya operatorları ilə də sıx əməkdaşlıqdadır. Dövlət sektorunda bu şirkətin xüsusi çəkisi yüksəkdir. "BakTelecom"un 80%-i, "Aztelekom"un 70%-i, hətta bəzi dövlət qurumlarının data mərkəzləri “Huawei” məhsulları üzərində “oturub”.
Dünyada, qlobal bazarlarda 5 G texnologiyalarla bağlı sanksiyalarla, məhdudiyyətlərlə üzləşən "Huawei"in işləri görünür ki bizdə "xod" gedir. Məlumdur ki, ABŞ və bir çox ölkələr "Huawei" şirkətini telefonlardakı və digər avadanlıqlarındakı proqram təminatlatında yerləşdirdiyi xüsusi kodlar vasitəsilə məlumatları oğurlamaqda və Çin hökumətinə ötürməkdə günahlandırır".
Ekespert qeyd edib ki, hazırda "Huawei" qlobal bazarda mövqeyini saxlamaq üçün 5G texnologiyalarını dəstəkləyən özünə məxsus olan sistemin hazırlanması üzərində işləyir: "Sanksiyalarla bağlı heç bir şirkət bu tip texnologiyanı "Huawei" şirkətinə sata bilmədiyindən onun telefonları hələlik 4G-dən o tərəfə keçə bilməyib. Beləliklə, görünən odur ki, "Huawei"in ölkəmizdə telekommunikasiya infrastrukturuna təsirləri getdikcə güclənəcək. Əlbəttə, bunun faydalı tərəfləri nə qədər çox olsa da, düşünürəm ki, risklər də var. Fikrimcə, "Huawei"ə qarşı sanksiyalarla bağlı Azərbaycanın üzləşə biləcəyi problemlər, təhlükəsizlik məsələləri öncədən nəzərə alınmalıdır.
Ümid edirəm, sektora və informasiya təhlükəsizliyinə cavabdeh rəsmilərimiz "Huawei" şirkətinə tətbiq edilən qlobal sanksiyaların ölkəmiz üçün yarada biləcəyi riskləri də nəzərdən qaçırmayıblar".