Beynəlxalq Miqrant Gününə həsr olunmuş tədbir keçirilib
Dövlət Miqrasiya Xidmətində 18 dekabr - Beynəlxalq Miqrant Gününə həsr olunmuş tədbir keçirilib.
Qurumdan AFN-ə verilən məlumata görə, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə birgə təşkil edilən tədbirdə qonaqları salamlayan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov əlamətdar günün əhəmiyyətinə toxunub. Bildirib ki, miqrasiya ilə bağlı ictimaiyyəti narahat edən məsələlər üzrə maarifləndirmənin artırılması, problemlərin həlli üçün siyasi iradə və resursların səfərbər edilməsi, bəşəriyyətin miqrasiyanın idarə edilməsi və miqrantların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı nailiyyətlərinin qeyd edilməsi və möhkəmləndirilməsi sözügedən tədbirin əsas məqsədlərindən biridir.
BMqT-nin 70-illiyi ərəfəsində reallaşan builki Beynəlxalq Miqrant Günü “İnsan yerdəyişməsinin potensialından istifadə edilməsi” şüarı altında keçirilir. Xidmət rəisi vurğulayıb ki, miqrasiyanın artan əhəmiyyəti özünü son illər beynəlxalq aləmdə baş verən proseslərdə daha aydın büruzə verir.
Pandemiya şəraitində dünyada və Azərbaycanda miqrasiya sahəsində atılan addımlardan danışan Xidmət rəisi ölkəmizin həmin dövrdə miqrasiya siyasətinin insanların maksimum rahatlığı, inzibati prosedurların mümkün qədər azaldılması və rəqəmsallaşmanın təşviqi, eləcə də miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi istiqamətində qurulduğunu diqqətə çatdırıb. Azərbaycanın regionda “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”a, eləcə də BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin himayəsi ilə başlanmış “Çempion ölkələr” təşəbbüsünə qoşulan ilk ölkə kimi müsbət dəyər yaradacağına inandığını bildirib.
Xidmət rəisi, həmçinin BMqT tərəfindən Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasının regional tərəfdaşlığın möhkəmlənməsinə və genişlənməsinə xidmət edəcəyini deyib.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qüdrətli Ordumuzun əzəli Azərbaycan torpaqlarını işğaldan azad etdiyini xüsusilə diqqətə çatdıran Vüsal Hüseynov bunun ölkədə və regionda miqrasiya proseslərinə təsirsiz ötüşməyəcəyini, öz növbəsində BMqT və digər ixitasaslaşmış BMT təşkilatları ilə yeni əməkdaşlıq çərçivələrinin yaradılması istiqamətində əlavə tədbirləri zəruri etdiyini bildirib.
Çıxışının sonunda Vüsal Hüseynov insanların qanuni, təhlükəsiz və beynəlxalq hüquq normalarına uyğun yerdəyişməsinin təmini istiqamətində bütün tərəfdaşları birgə əməkdaşlığı gücləndirməyə çağırıb.
Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın, BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Georgiyevin çıxışları dinlənilib. Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorinonun Beynəlxalq Miqrant Günü ilə bağlı videomüraciəti yayımlanıb. BMT-nin Miqrasiya Şəbəkəsi Katibliyinin rəhbəri Jonathan Prenticinin “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrası ilə əlaqədar “Çempion ölkələr” təşəbbüsü mövzusunda çıxışı olub.
Tədbirdə Beynəlxalq ekspert Yasmina Pinjo tərəfindən BMqT-nin dəstəyi ilə hazırlanmış Azərbaycanın Milli Miqrasiya Profilinin təqdimatı keçirilib.