Məhkəmə Vüqar Səfərlini 10 il 6 ay müddətinə azadlıqdan məhrum edib
Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərliyə hökm oxunub.
AFN xəbər verir ki, V.Səfərli son sözündə məhkəmədən bəraət istəyib.
Məhkəmənin hökmü ilə Vüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, V. Səfərli 3 il dövlət orqanlarında vəzifə tuta bilməz.
Qeyd edək ki, V.Səfərli və digər təqsirləndirilən şəxslərin 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırılmasına əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDİA) zərərçəkmiş qismində tanınıb.