“Novruz Qartal xəstə adamdır da, Milli Qəhrəman etmisiniz” - Afaq Bəşirqızı
Bir müddət əvvəl onkoloji xəstəlik səbəbindən əməliyyat olunan Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru, Əməkdar artist Novruz Qartalın vəziyyəti son günlər müzakirə mövzusuna çevrilib.
Sənətkarın kirayədə, ehtiyac içində yaşaması həm sənət dostları, həm də pərəstişkarları tərəfindən üzüntü ilə qarşılanır.
Bir neçə il öncə imkansız aktyorların yüksək maaş və evlə təmin olunması məsələsinə diqqət yetirilməsi üçün Prezidentə müraciəti ilə gündəmə gələn Xalq artisti Afaq Bəşirqızı açıqlaması ilə diqqət çəkib.
Yenisabah.az-a danışan aktrisa Novruz Qartalın durumuna laqeyd yanaşıb: “Mən elə boş adam deyiləm ki, hər mövzuda danışım, münasibət bildirim. Onun haqqında bu qədər yazırsınız, daha bəsdir. Novruz Qartalı eləmisiniz Milli Qəhrəman, Allah evinizi tiksin. İndi xəstə adamdır, aktyordur da. Heç dəxli var?”
Onun səsləndirdiyi fikirlər sosial şəbəkələrdə böyük qınağa səbəb olub.
Qeyd edək ki, N.Qartal Milli Onkologiya Mərkəzində əməliyyat edilib. O, bağırsaq xərçəngindən əziyyət çəkir.