"Vidadi Muradovun 19 milyon manatlıq əmlakı dövlətə ödənilsin" - Prokuror


"Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, həbs edildikdən bir müddət sonra ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


"Unikal" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüqar Quliyev çıxış edib. Prokuror çıxışında təqsirləndirilən şəxsə verilmiş ittihamların sübut və dəlillərlə, həmçinin aparılan ekspertizalarla təsdiq edildiyini qeyd edərək verilmiş maddələrlə təqsirli bilinməsini təklif edib.

Dövlət ittihamçısı qeyd edib ki, Vidadi Muradov məhkəmə istintaqı dövründə vəfat etdiyi üçün ona cəza təyin edilməməlidir.

Prokuror bildirib ki, İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətindən verilmiş 640 min 922 manat məbləğində mülki iddianın ödənilməsi təmin olunmalıdır. O, mərhum Vidadi Muradovun Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 14 saylı binanın 5 nömrəli mənzilinin üzərinə qoyulmuş həbsin götürülməli, üzərinə həbs qoyulmuş və müsadirə edilmiş digər əmlakların isə dəymiş ziyanın ödənilməsinə yönəldilməli olduğunu deyib.

Prosesdə zərərçəkmiş qismində tanınmış İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi cinayət əməli nəticəsində təqsirləndirilən şəxs tərəfindən vurulmuş 640 min 922 manat məbləğində maddi ziyanının dövlət büdcəsinə ödənilməsini, həmçinin, Binəqədi Rayon Məhkəməsinin qərarları ilə 19 milyon 144 min 554 manat məbləğində əmlaklar və 11 milyon 442 min 490 manat məbləğində olan səhm paylarının aktivlərinin satışından əldə olunmuş gəlirlərin vergi orqanlarına ödənilməsini xahiş edib.

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün vaxt istəyib.

Növbəti proses yanvarın 18-nə təyin olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu