Gürcüstan XİN-dən Gəncə qapıları ilə bağlı açıqlama
Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun Gəncə qapılarının qaytarılması ilə bağlı Gürcüstanla danışıqların aparılmasına dair bəyanatına cavab verib.
Gürcüstan XİN-in sözçüsü Mari Narçemaşvilinin açıqlamasına görə, bu məsələ hazırda gündəmdə deyil:
“Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bu, ölkələrimiz arasında, o cümlədən mədəniyyət sahəsində geniş əməkdaşlıq ilə təsdiqlənir. Gəncə qapıları məsələsinə gəlincə, bu, Gürcüstan və Azərbaycan arasında ikitərəfli gündəlikdə yoxdur. Müvafiq olaraq, bu məsələ Gürcüstan və Azərbaycan arasında Hökumətlərarası İqtisadi Komissiyanın mədəniyyət sahəsində əməkdaşlığın müxtəlif istiqamətlərini müəyyən edən protokolunda da öz əksini tapmayıb”.
Xatırladaq ki, Anar Kərimov Gelati monastırında saxlanılan Gəncə qapılarının qaytarılması ilə bağlı Gürcüstanla danışıqların aparıldığını fevralın 3-də Gəncəyə səfəri zamanı açıqlayıb.