Türkiyə bayrağına hörmətsizlik edən Fuad döyülüb? - ekspertiza rəyi açıqlandı
Bakı Apellyasiya Məhkəməsində Türkiyə bayrağına hörmətsizlik edən 1985-ci il təvəllüdlü Fuad İsmayılovun 30 günlük inzibati həbs qərarından verilmiş şikayətinə baxılıb.
F.İsmayılov məhkəmədə iddia edib ki, saxlanılan zaman və ondan sonra polis bölməsində döyülüb. İddiaya görə, zərbələrdən qulağının pərdəsi cırılıb, üzündə və bədənində xəsarət izləri yaranıb.
Bununla bağlı DİN Mətbuat Xidmətinin şöbə rəisi, mayor Elşad Hacıyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, iddiaların təfərrüatlarının yoxlanılması məqsədilə məhkəmə-tibbi ekspertiza təyin olunub: “Fuad İsmayılov müayinədən keçirilib. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nizami rayon şöbəsində keçirilən müayinə zamanı onun bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmayıb”.