Bakıda 3,3 milyon manatlıq dələduzluq edən şəxsə hökm oxunub


Bakıda xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Əfsun Əhmədliyə hökm oxunub və o, 12 il müddətinə azadlıqdan məhrum olunub.


AFN.az “Report”a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan edilib.

Hökmə görə, zərərçəkmişlərin mülki iddiaları təmin olunub.

İttiham aktına əsasən, Ə.Əhmədli cinayət işi üzrə zərərçəkmişlərə özünü iş adamı, müxtəlif biznes istiqamətlərində səriştəsi, bacarığı və əlaqələri olan şəxs kimi təqdim edərək xüsusilə külli miqdarda dələduzluq edib.

İstintaq materiallarında qeyd edilir ki, o, zərərçəkmişlərin bəzilərinə İrandan Azərbaycana şam ağacı idxal və satışını təşkil emək, toyuq budu idxal edib Çində satmaq, borc pul alıb qaytaracağı və digər vədlər verib. Daha sonra Ə.Əhmədli verdiyi vədlərə əməl etməyib.

Cinayət işində bir neçə zərərçəkmiş var. O, həmin şəxslərdən ümumilikdə 3 378 837 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Daha sonra zərərçəkmişlərin şikayəti əsasında saxlanılan Ə.Əhmədlinin barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu