Generalın məhkəməsində nə baş verəcək? - Rüstəm Usubov yenidən gündəmdə


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev və digərlərinin fevralın 22-də keçiriləcək məhkəməsində jurnalistlərin prosesə buraxılması məsələ ilə bağlı vəsatət qaldırılacaq.


Qaynarinfo-ya daxil olan məlumata görə, vəsatəti vəkil Osman Kazımov təqdim edəcək.

Mövlam Şıxəliyev və digərlərinin cinayət işi ilə bağlı məhkəmə prosesi Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilir.
Bir neçə aydır ki, davam edən prosesə jurnalistlər buraxılmır. Prosesin açıq keçirilməsinə baxmayaraq, media mənsublarının zala buraxılmamasının səbəbləri bəlli deyil. Bəzi iddialara görə, müttəhim kürsüsündə oturanlar jurnalistlərin prosesə buraxılmasında maraqlı deyillər.

Sabah keçiriləcək prosesdə Baş prokurorun birinci müavini Rüstəm Usubovla bağlı yeni ifadələr səsləndirilə bilər. Bundan əvvəl Mövlam Şıxəliyev və onun tabeliyində işləmiş digər müttəhimlər törətdikləri qanunsuz əməllərdə Rüstəm Usubovun da adını hallandırıb. Mövlam Şıxəliyev hətta proseslərin birində ümumiyyətlə bu işlərdə heç kim olduğunu deyərək əsas təqsirkar kimi Rüstəm Usubovu nişan verib: "Mən bu işlərdə heç kim olmuşam. Rüstəm Usubov məsələni həll etdiyi üçün mən qarışa bilməmişəm”.

Rüstəm Usubov uzun müddət bu ittihamlara cavab verməyib. Lakin son proseslərdən sonra o danışmağa başlayıb və Mövlam Şıxəliyevi ittiham edib: "Kimdir, o? Kim mənim boynuma nəsə yıxmaq istəyirsə, özü bilər. Kim nə danışır, nə deyir, mənə maraqlı deyil. Onun adını çəkib cavab verməyəcəm. Getsin işi ilə məşğul olsun!”(mənbə: pravda.az)

Ehtimal olunur ki, sabah keçiriləcək prosesdə Rüstəm Usubovun bu fikirləri cavabsız qalmayacaq.

Məlumat üçün deyək ki, müttəhimlərin Rüstəm Usubovun adını hallandırmasından sonra zərərçəkənlər onun da məhkəməyə çağırılmasını tələb edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu