Yeni hazırlanan məktəb-şagird qaydalarının bəzi detalları açıqlanıb
"Sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi üçün bölgələr üzrə İşçi qruplar yaradılıb".
Bunu "Report"a açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev deyib.
Onun sözlərinə görə, müxtəlif bölgələr üzrə İşçi qruplarının seçilməsində məqsəd hər bir bölgənin şagird-valideyn mentalitetinin fərqli olmasıdır: "Hazırda işlər gedir. Artıq bir dəfə böyük toplantı keçirilib. Bu ayın sonunda növbəti iclas olacaq. Məqsəd ortaq rəyləri almaq, düzgün qərar verərək səliqəli sənədlərin, nizam-intizam qaydalarının hazırlanmasıdır".
Sektor müdiri qeyd edib ki, hədəf həmin qaydaların kağız üzərində qalmaması, tətbiq edilə bilən olmasıdır: "Valideynin məktəbdən gözləntisi, məsuliyyəti, səlahiyyəti, hansı halda məktəbin işinə müdaxilə edə biləcəyi və s. məsələlərin tənzimlənməsini istəyirik. Bəzən olur ki, valideynlər haqlı olaraq məktəblərdən bəzi şeylər tələb edir, bu zaman da məktəb rəhbərliyi hesab edir ki, bu valideynin işi deyil. Bəzən də bunun əksi baş verir. Biz də bu proseslərin nizamlanmasını qaydalar çərçivəsində həyata keçirilməsini istəyirik.
İşçi qruplara göstəriş vermişik ki, hazırlanan maddələr əlçatan və tətbiqedilən olsun. Bu qaydalar həm şagird, həm valideyn, həm də məktəb rəhbərliyi üçün maraqlı olsun. Bir sözlə bütün yeni qaydalar məktəb, valideyn, müəllimyönümlü yox, şagirdlərin maraqlarına xidmət edən olmalıdır".
Qeyd edək ki, növbəti tədris ili başlayanadək yeni nümunəvi qaydaların təqdim olunması planlaşdırılır.