Misirin beynəlxalq əməkdaşlıq naziri Azərbaycana gələcək


Misir-Azərbaycan İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın beşinci iclasında iştirak edəcək Misir nümayəndə heyətinin rəhbəri, beynəlxalq əməkdaşlıq naziri xanım Rania Al-Mashat cari ilin fevralın 24-dən 27-dək Azərbaycanda səfərdə olacaq.


AFN.az “Report”a istinadən xəbər verir ki, bunu Misir Ərəb Respublikasının Bakıdakı səfiri Adel İbrahim deyib.

Səfirin sözlərinə görə, nazir komissiyanın işi çərçivəsində keçirilən Misir-Azərbaycan Biznes Forumunda da iştirak edəcək.

Misirli diplomat onu da qeyd edib ki, komissiya və forumda 60-dan çox misirli nümayəndə iştirak edəcək və bu da öz növbəsində Qahirənin Azərbaycanla müxtəlif səviyyələrdə və sahələrdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə böyük marağının olduğunu əks etdirir.

O, həmçinin əlavə edib ki, qarşıdan gələn dövrdə iki ölkə arasında ikitərəfli münasibətlər daha çox inkişaf edəcək.

Qeyd edək ki, Misir-Azərbaycan İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın Azərbaycandan həmsədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir.

Xatırladaq ki, komissiyanın 4-cü iclası 2018-ci ildə Qahirə şəhərində keçirilib. Bu iclas çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Misirin İxracın İnkişafı Qurumu (EDA) arasında, AZPROMO ilə Misirin İnvestisiyalar və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında anlaşma memorandumları imzalanıb.

İndiyədək iki ölkə arasında 50-yə yaxın sənəd imzalanıb, 21 sənəd layihəsi isə müzakirə mərhələsindədir. Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində 14 Misir investisiyalı şirkət fəaliyyət göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu