Məktəblilərimiz medallarının sayını artırmaqda israrlıdırlar!
Azercell-in dəstəklədiyi şagirdlərin beynəlxalq bilik yarışmasında növbəti uğuru
Texnoloji gələcəyi qurmağa davam edən “Azercell Telekom” MMC-nin dəstəklədiyi istedadlı məktəblilərimiz növbəti dəfə beynəlxalq bilik yarışmasında uğurlu nəticə nümayiş etdiriblər. Fevralın 10-18-də Rumıniyada onlayn formatda təşkil edilən VI İnfo Cup proqramlaşdırma müsabiqəsində Azərbaycanın müxtəlif bölgələrindən olan azərbaycanlı yarışmaçılar 2 gümüş və 1 bürünc medal qazanıblar.
14 ölkədən 150- dən çox şagirdin yarışdığı müsabiqənin nəticələrinə əsasən Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fidan Hüseynova və Balakən rayonu Qazbinə kəndi tam orta məktəbin 10-cu sinif şagirdi Xizri Saxrayev gümüş medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Fuad Qarayev isə bu nüfuzlu yarışmanın bürünc medalına layiq görülüblər.
Qeyd edək ki, 2017-ci ildən etibarən Təhsil Nazirliyinin və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC ölkə üzrə istedadlı şagirdlərin aşkar edilməsi, onların öz bacarıqlarını nümayiş etdirməsinə şəraitin yaradılması, informatika üzrə beynəlxalq fənn olimpiadalarında iştirakını dəstəkləyir. Milli komandaların İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlığı nəticəsində məktəblilərimiz müxtəlif miqyaslı olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 9 gümüş və 20 bürünc olmaqla, ümumilikdə 30 medal əldə ediblər.
Gələcəyin İnformasiya Texnologiyaları mütəxəssislərinə dəstək olan Azercell şirkəti gənclərə bu istiqamətdə davamlı inkişaf və beynəlxalq səviyyədə nailiyyətlər arzu edir.