Antalyada Türkiyə, Rusiya və Ukrayna XİN başçılarının görüşü başlayıb - YENİLƏNİB
Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kulebanın üçtərəfli görüşü başlayıb.
Danışıqlar Antalya şəhərinin Belek rayonundakı “Regnum Carya” hotelində keçirilir.
Üçtərəfli görüşdən sonra mətbuat konfransı keçiriləcək.
***
Rusiyanın Ukraynaya qoşun yeritməsindən sonra bu gün ilk dəfə iki ölkənin xarici işlər nazirləri Sergey Lavrovla Dmitro Kuleba arasında görüş olacaq.
“Report” xəbər verir ki, XİN başçılarının danışıqları Türkiyənin Antalya şəhərinin Belek rayonundakı “Regnum Carya” hotelində baş tutacaq.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da ev sahibi kimi görüşdə iştirak edəcək.
Məlumata görə, tərəflər atəşkəs, ərazi və humanitar məsələləri müzakirə edəcəklər. Rəsmi Kiyev və Moskva arasında görüş Türkiyə tərəfinin təşəbbüsü ilə təşkil edilib.
Rusiya və Ukrayna nümayəndə heyətləri görüşdən kənar danışıqlar aparmayacaq, ayrı-ayrı hotellərdə qalacaqlar. Danışıqların keçiriləcəyi hoteldə Rusiya nümayəndə heyətinin qalacağı villanın pəncərələri gülləkeçirməzdir. 12,5 milyon TL-yə başa gələn və hotel daxilində ayrıca hissədə dəmir hasarla əhatə olunan villanın şəxsi mühafizəsi də var. Ukrayna nümayəndə heyəti isə başqa beşulduzlu hoteldə qonaqlayacaq.
Ukraynanın Ankaradakı səfirliyindən bildirilib ki, üçtərəfli görüş yerli vaxtla 11:00-da (Bakı vaxtilə 12:00) başlayacaq. Müzakirələrdən sonra Lavrov və Kuleba ayrı-ayrılıqda mətbuat konfransı keçirəcəklər.