BSU-nun sabiq şöbə müdirinin məhkəməsində şahid ifadə verib


Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri, külli miqdarda dələduzluqda və rüşvət almaqda təqsirləndirilən Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Qazax Müəllimlər İnstitutunda "Tarix-Coğrafiya" müəllimliyi ixtisası üzrə təhsil almış Səttar Sərdarov dindirilib. Şahidin sözlərinə görə, BSU-da əlavə təhsil almaq üçün müxtəlif səbəblərə görə ümumilikdə 8 min manat pul verib: "Əlavə təhsil almaq üçün birinci dəfə Dürdanə Əliyeva ilə görüşümüz oldu, məndən qəbul üçün əvvəlcədən 2 min manat istədi. Daha sonra təhsil haqqı üçün 1000 manat banka ödədim, 800 manat isə nəğd şəkildə verdim. Bir müddət sonra isə mənə diplomumla bağlı problem olduğunu dedilər. Bu dəfə isə məndən 4 min manat istədi. Bununla bağlı sabiq rektor Nurlana Əliyevanın da qəbulunda olduq. Rektor da mənə məsələnin həll olunacağını söz verdi, təəssüf ki, bugünə qədər hələ də həll olunmayıb".

İclasda təqsirləndirilən şəxsin vəkili şahidin ifadəsinə etiraz edərək yalan danışdığını deyib:

"Siz yalan danışmamaq haqqında iltizama qol çəkmisiz, yəqin ki bunun nə olduğunu bilirsiz. Təhsil ödənişi 1800 manatdırsa, nəyə görə 3-4 min manat vermisiz?"

Dürdanə Əliyeva da şahidin ifadəsinin doğru olmadığını, həmçinin Səttər Sərdarovun Qazax Müəllimlər İnstitutundan verilmiş saxta diplomla əlavə təhsil almaq istədiyini qeyd edib.

O, bununla bağlı sərbəst ifadəsi zamanı geniş danışacağını əlavə edib.

Sonda məhkəməyə sədrlik edən hakim şahidin ifadəsinin yalan, ya doğru olduğuna sonda qiymət veriləcəyini deyib.

Proses aprelin 4-də davam etdiriləcək.

Xatırladaq ki, ötən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri, dosent Dürdanə Əliyevanın qanunsuz əməlləri ilə bağlı çoxsaylı şikayətlər əsasında araşdırma aparılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallar əsasında universitetin sabiq şöbə müdiri barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu