Yüzlərlə mənzil yenə bir neçə saniyəyə satıldı - MİDA-nın müəmmalı əməliyyatı
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikib satışa çıxardığı Yasamal yaşayış kompleksinin ikinci mərhələsi başa çatıb. AFN.az xəbər verir ki, proses bu dəfə də narazılıq yaradıb.
Belə ki, müştərilər seçim zamanı cəmi bir neçə saniyə ərzində yüzlərlə mənzilin satılıb qurtarmasından narazıdırlar. İstifadəçilər mənzillərin satışında fırıldağa yol verildiyini iddia edirlər. Bildirilir ki, onlayn yolla aparılan seçimdə bir insanın fiziki olaraq, yəni 2-3 saniyə ərzində bunu bacarması mümkünsüzdür. Sosial şəbəkələrdə etiraz edən müştərilər nəticələrin ləğv olunmasını tələb edirlər. Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də paylaşım edib. O vurğulayıb ki, satışdan öncə iddiaçıların onlayn satış prosesini test etməsi üçün bir ay müddətində DEMO versiya aktiv olub: “Bu gün baş tutan onlayn satışın yekunu ilə bağlı sosial mediada müəyyən narazılıqlar müşahidə olunur.
Əvvəlkilərdən fərqli olaraq satışın hətta 4 san. müddətində gerçəkləşdiyi, bəzi iddiaçıların xüsusi proqram təminatlarından istifadə etdiyi bildirilir.
Xatırladıram ki, onlayn satış prosesini xeyli sayda dövlət qurumları və beynəlxalq qurum izləyir.
Əvvəllər mən də bir neçə dəfə müşahidəçi olaraq bu prosesi izləmişəm. Prosesin təkmilləşdirilməsi və şəffaflığın artırılması üçün təkliflər təqdim etmişik.
Bu gün baş tutan onlayn satışa müşahidəçi olaraq dəvət edilməmişik. Ümid edirəm MİDA bu gün baş tutan satış haqqında, narazılıqlar haqqında ətraflı məlumat verəcək”.