Avropa çempionatı: Azərbaycan 4 güləşçisi yarımfinalda, 2-si erməni ilə qarşılaşacaq


Azərbaycanın daha 2 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.


Mübarizəyə 1/4 finaldan başlayan 55 kq çəki dərəcəsindəki Eldəniz Əzizli Denis Mihaya (Rumıniya) qalib gələrək növbəti mərhələyə adlayıb. Onun yarımfinaldakı rəqibi Rudik Mkrtçyan (Ermənistan) olacaq.

87 kq-dakı İslam Abbasov əvvəlcə Matey Mandiçi (Xorvatiya), ardınca isə Zurab Datunaşvilini (Serbiya) məğlub edərək, yarımfinala vəsiqə qazanıb. Abbasov bu raundda Niku Samuel Ojoqla (Rumıniya) qarşılaşacaq.

77 kq-da yer alan Sənan Süleymanov 1/8 finalda İlye Kojokari (Rumıniya) üzərində qələbə qazansa da, növbəti raundda Malkhas Amoyana (Ermənistan) uduzub.

Beləliklə, bu gün mübarizəyə başlayan 5 yunan-Roma güləşçisindən 4-ü yarımfinala adlayıb.

***

Azərbaycanın yunan-Roma güləşçiləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 77 kq-da çıxış edən Sənan Süleymanov 1/8 finalda İlye Kojokariyə (Rumıniya) qalib gəlib. Onun növbəti rəqibi Malkhas Amoyan (Ermənistan) olacaq.

87 kq-da yarışan İslam Abbasov 1/8 finalda Matey Mandiçi (Xorvatiya) məğlub edərək, Zurab Datunaşviliyə (Serbiya) rəqib olub.

130 kq-da yer alan Beka Kandelaki isə təsnifat mərhələsindən Mixaylo Vişnivetskini (Ukrayna) mübarizədən kənarlaşdırıb. 1/4 finalda David Ovasapyanla (Ermənistan) qarşılaşan idmançı inamlı qələbə qazanıb. Kandelaki ilk hissədə erməni rəqibindən 5 xal alıb. Görüşün başa çatmasına 1 dəqiqə 25 saniyə qalmış başından zədə alan Ovasapyan mübarizəni davam etdirə bilməyib. Yekunda 5:1 hesablı qələbə qazanan Kandelaki yarımfinala yüksəlib. O, finala gedən yolda Rza Kayaalpla (Türkiyə) görüşəcək.

63 kq çəki dərəcəsindəki Taleh Məmmədov ilk görüşdə Ahmet Uyara (Türkiyə) eyni hesabla qalib gələrək, adını yarımfinala yazdırıb. Məmmədovun bu raunddakı rəqibi Hraçya Poqosyan (Ermənistan) olacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub.

Qadın güləşçilərdən Elis Manolova (65 kq) isə finalda Tatyana Rıjko ilə qüvvəsini sınayacaq.

Yarış aprelin 3-də başa çatacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu