İsrail XİN başçısı: "Buçada hərbi cinayət törədilib"


“Mülki əhaliyə qəsddən ziyan vurmaq hərbi cinayətdir və mən bunu qətiyyətlə pisləyirəm”.


“Report” xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Yair Lapid Ukraynanın Buça şəhərində mülki sakinlərin qətlə yetirilməsinə münasibət bildirərkən deyib.

“Rusiya qoşunları gedəndən sonra Kiyev ətrafında yerləşən Buça şəhərindəki dəhşətli mənzərəyə laqeyd qalmaq mümkün deyil”, - nazir tviter səhifəsində yazıb.

Qeyd edək ki, İsrail indiyədək Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatı məsələsində neytral mövqedən çıxış edirdi.

Xatırladaq ki, Buçada yerli əhalini hədəf alanlar Rusiya Silahlı Qüvvələrinin 35-ci Əlahiddə Ümumqoşun Ordusunun 64-cü motoatıcı briqadası olub. Onların qarşıdakı günlərdə yenidən Ukraynada olacağı gözlənilir.

Martın 31-də Rusiya qoşunları Buçanı tərk edəndən sonra şəhərdə çoxsaylı hərbi cinayətlər - mülki əhalinin öldürülməsi, işgəncələr, zorlamalar və talan faktları aşkarlanıb.

Azad edilmiş Buçada jurnalistlərin çəkdiyi və mülki şəxslərin meyitlərinin əks olunduğu fotolar bütün dünyaya yayılıb. Hadisə Rusiya, Ukrayna və müxtəlif ölkələrdə fəallar, siyasətçilər və mədəniyyət xadimləri tərəfindən pislənilib. Bir sıra mötəbər nəşrlər, ekspertlər hadisəni soyqırımı aktı kimi qiymətləndirib və qətliamı törədən hərbçilər nasist Almaniyasının hərbi cinayətkarları ilə müqayisə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu